×
A
A
A
Sazlamalar

Qarabağ uğrunda döyüşdüyümüz zaman COVID-19 cəbhəsində ayıq-sayıqlığı itirməməliyik

Bakı, 22 oktyabr, AZƏRTAC 

Son vaxtlar Qarabağ cəbhəsində şanlı zəfərlərin şahidi oluruq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tarix yazır. Bu, bizim hamımızı sevindirir. Bu sevinc o qədər güclüdür ki, eyforiya həddinə çatırıq. Lakin unuduruq ki, bizim digər döyüş cəbhəmiz də var: COVID-19 cəbhəsi. Həmin cəbhədə ayıq-sayıqlığı itirməyimizin nəticəsində, son zamanlar “gözəgörünməz” düşmən bizi üstələməyə başlayıb. Yəni, yoluxma sayları sürətlə artır. Bu, bir daha onu göstərir ki, eyforiya nə qədər yüksək olsa da dərrakəli yanaşmanı kənara qoymamalıyıq. Bilməliyik ki, COVID-19-un sürətlə yayılması ordumuza da mənfi təsir edə bilər. Hər birimiz xüsusi diqqət yetirməliyik ki, virus ordumuzun şəxsi heyətinə sirayət etməsin.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
“Çox təəssüf ki, hələ də kütləvi toplanma halları qeydə alınır, xüsusilə də ictimai nəqliyyatda buna şahid ola bilərik. Bəzi vətəndaşlar sıx toplanma yerlərində belə maskanı ya istifadə etmir ya da düzgün taxmırlar. Açıq havada maska taxılmasa belə, bir neçə nəfər toplaşarsa, mütləq maska taxılması vacibdir. Gigiyena qaydalarının gözlənilməsi, dezinfeksiyaedici məhlullardan istifadə edilməsi tövsiyə olunur. Təmas halları azaldılmalı, xüsusilə qapalı məkanlarda iki metrdən yaxın məsafə olmamalıdır. Hazırda biz iki cəbhədə döyüşdüyümüzdən tibb heyətini düzgün istiqamətdə istifadə etməliyik. Bilirik ki, mövcud vəziyyətdə bütün diqqət Qarabağ müharibəsinə yönəlib, lakin COVID-19-a ciddi yanaşmamaq həkimlərin daha çox koronavirusla mübarizəyə cəlb edilməsinə səbəb olur. Vətəndaşlar bunu nəzərə almalı və tövsiyələrə, qaydalara əməl etməyi bir an belə axsatmamalıdırlar”, - deyə Ə.Nağıyev diqqətə çatdırıb.

Səhiyyə 2020-10-22 16:41:00