×
A
A
A
Sazlamalar

Oğuz: quru tütün istehsalının 800 tona çatdırılması nəzərdə tutulur

Oğuz, 19 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Oğuz rayonunun təsərrüfatlarında 269 hektar sahədə tütün əkilib. Tütünün əkin sahəsi əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılıb. Cari mövsümdə rayonda quru tütün istehsalının 800 tona çatdırılması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Dərilmiş yaşıl tütün kütləsi sahələrdən birbaşa Bucaq, Bayan və Sincan kəndlərində fəaliyyət göstərən emal məntəqələrinə gətirilərək qurudulur və anbarlara yığılır. Bu məntəqələrdə, ümumilikdə, 78 tütünqurutma kamerası quraşdırılıb. Torpaq mülkiyyətçiləri mövsümün əvvəlindən indiyədək emal məntəqələrinə 3 min 360 ton “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu məntəqələrdə 336 ton quru tütün istehsal olunub.
Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.
Hazırda təsərrüfatlarda gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də davam edir. Fermerlər indiyədək 150 hektar sahəyə arpa, 70 hektara buğda toxumu səpiblər. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Kənd təsərrüfatı 2020-10-19 18:19:00