×
A
A
A
Sazlamalar

Saatlıda bağlardan 1500 tondan çox nar yığılıb

Saatlı, 16 oktyabr, Mahir Babayev, AZƏRTAC

Saatlıda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına xüsusi diqqət yetirilir. Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 2 min 747.3 hektar meyvə bağı var. Cari təsərrüfat ilinin ötən ayları ərzində bu bağlardan 5 min 429.2 ton məhsul tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə edirlər. Onlar becərdikləri 1401.9 hektar nar sahəsindən bu günə kimi 1524.4 ton məhsul yığıblar. Məhsul istehsalçılarının dediyinə görə, hələ nar sahələrində məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə, bundan sonra nar bağlarından daha 4 min 500 tondan çox məhsul yığmaq mümkün olacaq.
Qeyd edək ki, ötən il saatlılı bağbanlar nar bağlarından 5 min 918 tondan çox nar tədarük ediblər.

Kənd təsərrüfatı 2020-10-16 12:55:00