×
A
A
A
Sazlamalar

İsmayıllıda bağlarda alma yığımına başlanılıb

İsmayıllı, 13 oktyabr, AZƏRTAC

İsmayıllı rayonunda bağlarda alma yığımına başlanılıb və toplanan məhsul birbaşa yerli bazarlara göndərilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 3817,7 hektar meyvə bağının 568,5 hektarı alma bağıdır. Alma bağlarının 339 hektarı bar verir. Son illər bölgədə intensiv meyvə bağlarının salınmasına maraq artıb. Bu cür alma bağının hər hektarından 40-50 ton, hər ağacdan isə 30 kiloqram məhsul götürmək olur ki, bu da bağbanlar üçün çox sərfəlidir.
Təsadüfi deyildir ki, bir neçə təsərrüfata məxsus 292,9 hektar intensiv bağda hər il olduğu kimi cari mövsümdə də bol məhsul yetişib. Kəlbənd kəndində Ramin Paşayevə məxsus lazımi infrastruktura malik 12 hektar intensiv bağda hazırda “Fuji” və “Qəndil-Sinab” alma sortları yığılır. Bağlarda indi 10 nəfər işçi çalışır.
Qeyd edək ki, bağbanlar rayonda emal müəssisəsinin açılmasına ciddi ehtiyac olduğunu bildirirlər. Çünki, bazarlara birbaşa tam saf meyvələr çıxarılır. Zədəli almalar isə yığılmır. Halbuki, bu cür almalardan pavidla, cem emalı etmək olar. Zədəli meyvə, təbii ki, ucuz xammaldır.

 

Kənd təsərrüfatı 2020-10-13 14:07:00