×
A
A
A
Sazlamalar

Şəkidə indiyədək 2600 hektar sahəyə dən üçün arpa səpilib

Şəki, 8 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 2600 hektaradək sahəyə dən üçün arpa toxumu səpiblər. Eyni zamanda, bu günədək rayonda 320 hektarda yaşıl yem üçün xəsil arpa səpilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, rayonda növbəti ilin məhsulu üçün 65 min hektardan çox sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 43,5 min hektarına buğda, 21,5 min hektarına isə arpa səpiləcək. Bu məqsədlə indiyədək təsərrüfatlarda 48 min 320 hektar sahədə şum qaldırılıb və bu iş davam etdirilir. Hazırda toxumçuluq təsərrüfatları tərəfindən səpin üçün ayrılmış toxumun təmizlənərək dərmanlanması prosesi aparılır. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Əkin kampaniyasına 133 ədəd şum traktoru, 92 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.

Kənd təsərrüfatı 2020-10-08 16:58:00