×
A
A
A
Sazlamalar

Hacıqabulda pambıq sahələrindən hər gün maşınlarla 10-13 ton məhsul yığılır

Hacıqabul, 5 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Hacıqabulda pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu qısa müddətdə toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Hər gün sahələrdən 15-20 ton pambıq yığılır.
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, son illər dövlətin pambıqçılığın inkişafına göstərdiyi dəstək, verdiyi əlavə subsidiyalar rayonda pambıq əkini ilə məşğul olan fermerlərin təsərrüfatın bu sahəsinə marağını xeyli artırıb. Bu səbəbdən də rayonda məhsul istehsalı ilbəil artır. Yığıma vaxtında başlayan məhsul istehsalçıları qısa müddətdə sahələrdən 262 tondan çox məhsul toplayıblar. Məhsulun yarıdan çoxu maşınlarla yığılıb. Hazırda pambıq plantasiyalarında xaricdən gətirilmiş 2 ədəd ən müasir pambıqyığan kombayn işləyir. Hər gün bu maşınların köməyi ilə sahələrdən 10-13 ton məhsul yığılır.
Rayonda məhsul yığımına ilk başlayanlardan biri fermer Əlitehran Nəzərovdur. Məhsul istehsalçısı ötən il hər hektardan 31.8 sentner məhsul götürməklə 34 ton pambıq toplayıb. “Bu mövsüm 10 hektar sahədə pambıq əkmişəm. Becərmə işlərində mütərəqqi üsullardan istifadə etdiyimdən sahəmdə məhsul boldur. Bir neçə gündür ki, pambıq toplanışına başlamışam. Məhsulu maşınla yığıram. Qısa müddətdə sahəmdə 41 tondan çox məhsul toplamışam. Hər gün plantasiyadan 5-6 tondan çox məhsul yığıram. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən hərtərəfli qayğı mənim də işə olan marağımı qat-qat artırıb. Digər fermerlər kimi mən də daha çox məhsul istehsal etmək üçün var gücümlə çalışıram. Ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dəstəkdən yararlanaraq gələcəkdə əkin sahəsini daha da genişləndirəcək, məhsul istehsalını artıracağam. Sözsüz ki, istehsal artdıqca qazanc da çoxalacaq”, - deyə fermer bildirib.
Qeyd edək ki, hacıqabullu pambıqçılar bu il 240 hektar sahədə pambıq əkiblər.

Kənd təsərrüfatı 2020-10-05 15:09:00