AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsinin ilkin mərhələsində 10 rayondan olan 32 qadın fermerə texniki dəstək göstərilib.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələnin sonunda layihənin tələblərinə uyğun gələn və keçirilən təlimləri modulunu uğurla tamamlayan Balakən, Şamaxı, Qusar, Sabirabad, Neftçala və Masallı rayonlarında fəaliyyət göstərən qadınlar ehtiyaclarına uyğun olaraq müxtəlif texniki avadanlıqlarla təmin ediliblər. Onlara fəaliyyət göstərdikləri sahələrə müvafiq olaraq balsüzən aparat, arı yeşikləri, seperator, yağ çəkən aparat, süd sağan maşın, yem və dən üyüdən maşınlar, meyvə qurudan aparat və digər avadanlıqlar verilib.
Qeyd edək ki, layihədə iştirak etmək üçün ilkin mərhələdə 500-dən artıq qadın fermer müraciət edib. İndiyədək 72 fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılıb. Tələb olunan şərtlərə uyğun gələn qadın fermerlər layihədə iştirak haqqı qazanıblar. Layihədə iştirak edən qadın fermerlərə texniki dəstəklə yanaşı, konsultasiya və təlim dəstəyi də göstərilir.
Xatırladaq ki, müraciətlərin davam etdiyi AFAQ layihəsi aqrar sahədə fəaliyyət göstərən qadınların fəaliyyətini dəstəkləmək, onların bilik və bacarıqlarını artırmaq məqsədi ilə icra edilir. 2020-2021-ci illəri əhatə edəcək layihə çərçivəsində, ümumilikdə, 200-ə yaxın qadın fermerə dəstək göstərilməsi nəzərdə tutulur.
Layihəyə müraciət etmək istəyən qadın fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin regional idarələrinə, eləcə də DAİM-lərə müraciət edə, 1652 və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb