×
A
A
A
Sazlamalar

Fatma Hüseynova: Yenidən pambıq əkini ilə məşğul olmağım məni sanki gənclik illərinə qaytarıb

Sabirabad, 24 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Sabirabadda kütləvi pambıq yığımına başlanılıb. Torpaq mülkiyyətçiləri hər gün sahələrdən 350-355 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Yığım başlayandan bu günə kimi plantasiyalardan 1977 ton “ağ qızıl” yığılıb. Tədarük olunan məhsulun hamısı əl ilə toplanılıb. Yaxın günlərdə sahələrə pambıqyığan kombaynlar da çıxarılacaq.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 8 min 360 hektar pambıq sahəsindən 25 min 212 tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də bol məhsul yetişdiriblər. Dövlətin aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi və əməktutumlu sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və istehsal etdiyi məhsulun satışından yaxşı qazanc götürür.
Uzun illər pambıq əkini ilə məşğul olan adlı-sanlı pambıqçı, Sosialist Əməyi qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynova ötən il 24 hektar sahədə pambıq becərib və hər hektardan 60 sentner məhsul götürməklə 158 ton pambıq istehsal edib. Pambıqçı bu il 30 hektar sahədə pambıq əkib. Düzgün aqrotexniki qulluq nəticəsində bu il də bol məhsul yetişib.
“Gənclik illərimdən bu sahədə çalışıram. Pambığın əkilib-becərilməsində yaxşı təcrübə qazanmışam. Bunun sayəsində də hər il məhsulum bol olur. Son illər ölkəmizdə pambıqçılığın dirçəldilməsinə göstərilən qayğı məni çox sevindirir. Çünki ömrümün 50-55 ilini bu sahədə işləmişəm. Əməyim dövlət tərəfindən layiqincə qiymətləndirilib. Yenidən pambıq əkini ilə məşğul olmağım məni sanki gənclik illərinə qaytarıb. İndi daha böyük həvəslə işləyir, dövlətimizin aqrar siyasətinə layiqli töhfə verdiyim üçün özümü xoşbəxt sayıram”, - deyə təcrübəli fermer bildirib.

Kənd təsərrüfatı 2020-09-24 14:05:00