×
A
A
A
Sazlamalar

Bu il Qaxda dən qarğıdalı istehsalının 13 min tona çatacağı proqnozlaşdırılır

Qax, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Qax rayonunun torpaq mülkiyyətçiləri 1867 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 147 hektar artırılıb. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı yığımına başlanılıb. Güllük və Zəyəm kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 60 hektaradək sahənin məhsulu yığılıb, 390 ton dən qarğıdalı tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 65 sentner təşkil edir. Cari mövsümdə rayonda dən qarğıdalı istehsalının 13 min tona çatacağı gözlənilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari təsərrüfat ilində Qax rayonu üzrə ən çox qarğıdalı əkini Ləkit kəndində aparılıb. Bu kəndin torpaq mülkiyyətçiləri cari ildə 300 hektarda qarğıdalı yetişdiriblər. Tasmalı kəndinin ərazisində bu il 250 hektar, Güllük kəndində 245 hektar, “Ulu Aqro” MMC-nin Qax Aqroparkının ərazisində isə 180 hektarda dən üçün qarğıdalı əkilib.
Eyvaz Aslanovun sözlərinə görə, taxıl biçini başa çatdıqdan sonra təsərrüfatlarda 601,5 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı əkini də aparılıb.
Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1720 hektar qarğıdalı sahəsindən 12 min 758 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 421 ton artıb. Hər hektardan orta hesabla 74,2 sentner məhsul götürülüb.

Kənd təsərrüfatı 2020-09-23 14:39:00