×
A
A
A
Sazlamalar

Onurğa sütunu disklərində gedən degenerativ proseslərin ən son həddi yırtıqdır

Bakı, 23 sentyabr, AZƏRTAC

İnsan orqanizminin vacib orqanlarından biri olan onurğa sütunu 33-34 fəqərənin qığırdaq vasitəsilə birləşməsindən əmələ gəlib. Onurğa sütununun orqanizmdə funksiyası çox böyükdür. Yuxudan oyanandan yatanadək edilən bütün hərəkətlərin ağırlığı onurğa sütununun üzərinə düşür. Onurğa sütununda hər hansı bir xəstəlik yaranarsa, bu zaman onu əhatə edən yaxın orqanlarda daha çox şikayətlər əmələ gələ bilər. Onurğa sütununun boyun nahiyəsində yerləşən fəqərələrdə gedən patoloji dəyişikliklər baş ağrıları, miqren, boyun-çiyin nahiyəsində gərginlik, yorğunluq, gözdə ağrılar, burun-boğaz xəstəliklərinin inkişafı, arterial hipertenziyaya səbəb olur, görməyə əks təsir göstərir. Onurğa sütununun döş fəqərələri nahiyəsində gedən patoloji dəyişikliklər ağciyər xəstəliklərinin inkişafına, bronxial astmaya, pnevmoniyaya, qabırğalararası nevralgiyalara, sinir sıxılmalarına, onurğa sütununun əyilmələri – kifoz, skolioz, lordoza, ürək-damar sistemi xəstəlikləri, ürək ritminin pozulmalarına, arterial hipertenziyaya səbəb ola bilər. Onurğa sütununun bel fəqərələrində gedən dəyişikliklər zamanı aşağı ətraflarda yorğunluq, ağrı, dizlərdə, bud-çanaq oynağında, ayaqlarda şişkinlik, ağrı müşahidə olunur.
Onurğa sütunundakı əyriliklərlə bağlı bəzən daxili orqanlarda böyük dəyişikliklər əmələ gəlir. Böyrək xəstəlikləri inkişaf edir, durğunluğa görə böyrəklərdə, öd kisəsində daşyığılma prosesi başlayır, o cümlədən bağırsaqlarda qəbizlik yaranır. Bu zaman ağrı və patologiya yaranan nahiyənin xəstəliyinin müalicəsinə diqqət yetirilir, onurğa sütunu isə bir növ unudulur.
Bunu AZƏRTAC-a müsahibəsində Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, həkim-terapevt Nərminə Abbasova deyib.
Həkim-terapevtin sözlərinə görə, onurğa sütununda ağrılar olanda pasiyentlər travmatoloq-ortopedə, neyrocərraha üz tuturlar. Lakin ilkin olaraq terapevtə müraciət tövsiyə olunur. Belə ki, terapevt müəyyən müayinələr, diaqnostik dəyərləndirmələr aparandan sonra ehtiyac olarsa, öz müalicəsini tətbiq edir. Əgər terapevtik müalicə deyil, digər mütəxəssislərin - neyrocərrah, travmatoloq, ortoped, revmotoloqun müayinə və müalicəsinə ehtiyac yaranarsa, onlara yönləndirir. Onurğa sütunundakı istənilən xəstəlik anadangəlmə deyilsə, onu müalicə etmək mümkündür.
"Onurğa sütununun xəstəliklərindən olan fəqərələrarası disk yırtıqlarına degenerativ dəyişikliklər deyilir. Çünki orada birbaşa yırtıq deyil, ilk öncə mübadilə pozulması nəticəsində el arasında “duzlaşma”, tibbi dildə isə osteoxondroz yaranır. Sonra bir neçə fəqərə arasında qabarmalar, protruziya, ən sonda isə yırtıq əmələ gəlir.
Onurğa sütununda disk yırtıqlarının yaranması birbaşa onurğanın öz problemi deyil. Belə ki, yanaşı xəstəliklər, infeksion, qurd, sinir sistemi xəstəlikləri, əzələ boşluqları, müəyyən travmalar, vitamin və bəzi mineralların çatışmazlığı onurğa sütununda deformasiya və mübadilə pozulmasına səbəb ola və orada iltihabi proseslərin inkişafını artıra bilər. Ümumiyyətlə, onurğa sütununda yaranan xəstəliklərin ən vacib səbəblərindən biri də revmatik xəstəliklərdir.
Disklərdə gedən degenerativ proseslərin ən son həddi yırtıqdır, onun ağır və yüngül formaları var. Ağırlıq dərəcəsi yırtığın ölçülərindən çox asılıdır. Bel fəqərələrində disklər arasında olan yırtıqlar zamanı ayaqlarda, dizlərdə ağrı qeydə alına, bəzən isə hərəkət məhdudluğu müşahidə oluna bilər. Belə ağır hallarda birbaşa əməliyyata göstəriş olur. Buna baxmayaraq, yırtıqların əməliyyatsız müalicəsi də mümkündür. Xəstəliyin müalicəsi medikamentoz, yəni dərmanlarla, o cümlədən fizioterapiya və reabilitasiya ilə aparılır.
Disk yırtıqlarının yaranmaması üçün çox erkən vaxtlarda terapevtə müraciət edib orada yaranan patologiyaların qarşısını almaq lazımdır”, - deyə N.Abbasova qeyd edib.

Səhiyyə 2020-09-23 13:22:00