×
A
A
A
Sazlamalar

Cəlilabadda pambıq yığımına başlanılıb

Cəlilabad, 23 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Cəlilabad rayonunun pambıq tarlalarında məhsul yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 90 ton “ağ qızıl” yığılıb.
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonda pambıq yığımı kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər kombayn və canlı qüvvə cəlb edilib.
Qeyd edək ki, Cəlilabadda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq 2016-cı ildə yenidən bərpa olunub. İlkin mərhələdə rayonda 500 hektarda pambıq əkilmişdi. Ötən il rayonda pambıq əkini sahəsi genişləndirilərək 1507 hektara çatdırılıb. Pambıq tarlalarından 1259 ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 24,8 sentner təşkil edib.
Bu il Cəlilabadın pambıq sahələrindən 1300 ton “ağ qızıl”ın yığılması nəzərdə tutulub.

Kənd təsərrüfatı 2020-09-23 12:59:00