×
A
A
A
Sazlamalar

İspaniyalı əczaçılar COVID-19-a qarşı mübarizədə öz yardımlarını təklif edirlər

Madrid, 22 sentyabr, AZƏRTAC 

Koronavirus pandemiyasının ikinci dalğası yenidən İspaniyanın səhiyyə sisteminin başının üstünü alıb.
AZƏRTAC İspaniyanın Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, son günlər ərzində yeni yoluxmaların sayı 31 mini keçib, 170 ölüm faktı təsdiqlənib. Günü-gündən pisləşən vəziyyət kəskin və xroniki xəstəlikləri olan pasiyentlərə yardım edilməsində ləngimələr yaradır.
İspaniyanın Rəsmi Əczaçılar Kollegiyasının Baş Şurası bununla bağlı təcili manifest dərc edib. Müraciətdə ölkənin apteklər şəbəkəsi COVID-19-a qarşı mübarizədə özünün təcili yardımını təklif edir.
İspaniyalı əczaçılar pandemiyaya müqavimət göstərmək, COVID-19-a yoluxma hallarının profilaktikası və erkən aşkarlanması üçün işlənib hazırlanmış strategiya və proqramlarda apteklərin iştirakını təmin etmək, səhiyyə orqanları tərəfindən müəyyən edilən fəaliyyət protokolunda şərh edilən prosedurlara müvafiq olaraq apteklər tərəfindən əhali arasında ekspress-testlərin aparılmasını təmin etmək üçün hakimiyyət orqanlarını ictimai səhiyyənin əlaqələndirilmiş strategiyasının işlənib hazırlanmasına səsləyirlər.
Manifestdə, həmçinin COVID-19-a qarşı gələcəkdə hazırlanacaq vaksinin və qrip əleyhinə vaksinin əlçatan olmasının maksimal şəkildə təmin edilməsinin zəruriliyi qeyd olunur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Səhiyyə 2020-09-22 12:09:00