×
A
A
A
Sazlamalar

Ənənəvi və qeyri-ənənəvi yem bitkiləri üzərində tədqiqat işləri aparılır

Bakı, 11 avqust, AZƏRTAC

Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının təcrübə sahəsində əkilmiş müxtəlif yem bitkiləri üzərində elmi müşahidələr aparılır. Məqsəd bu bitkilərin keyfiyyət göstəricilərinin, ümumi qidalılıq dəyərinin öyrənilməsi və əldə olunan nəticələrin fermerlərə tövsiyə olunmasıdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təcrübə sahəsində dəni taxıl bitkilərindən qarğıdalı, sorqo, vələmir, darı və müxtəlif çəmən otları, dənli paxlalı bitkilərdən soya, gülül, lərgə, yonca (əkin yoncası və üçyaraqlar), şənbələ (güldəfnə), yem paxlası, qeyri-ənənəvi bitkilərdən isə amarant (iki növü), yem çuğunduru və kinoa əkilib. Bu bitkilərin müxtəlif inkişaf fazalarında keyfiyyət göstəriciləri öyrənilməklə bərabər, minimum becərmə və növbəli əkin dövriyyəsinin bitkilərin məhsuldarlığı, keyfiyyət göstəriciləri, xəstəlik və zərərvericilərə qarşı davamlılığına təsiri də öyrənilir.
Laboratoriyanın müdiri Sevil Abasquliyeva bildirib ki, qeyri-ənənəvi yem bitkilərinin öyrənilməsində məqsədlərdən biri də insanların əsas qidasını təşkil edən ərzaq bitkilərinin qeyri-ənənəvi bitkilərlə əvəz olunması və bunun hesabına ərzağa olan tələbatın ödənilməsidir: “İstehsal olunan məhsulun maya dəyərinin aşağı olması əsas şərtlərdən biridir. Dünya əkinçiliyində dənli taxıl bitkiləri aparıcı yerlərdən birini tutur və onların müxtəlif istiqamətlərdə tətbiq edilməsi və yüksək dəyərliliyinə görə dünya əhalisi üçün mühüm əhəmiyyət kəsb edir. Bu bitkilər dən, qənnadı, nişasta, dekstrin, spirtçəkmə və pivəbişirmə sənaye sahələri üçün əsas xammal mənbəyidir. Dənli taxıl bitkiləri heyvandarlıqda qarışıq yem və kəpək formasında yem qarışığı kimi istifadə edilir. Eləcə də küləşi və püfəsi heyvandarlıqda yem kimi tətbiq olunur. Taxılçılığın inkişafı heyvandarlıqla əlaqədardır, çünki onun məhsulu heyvandarlığı yemlə, heyvandarlıq isə taxıl bitkilərini üzvi gübrə-peyinlə təmin edir”.
Dənli - paxlalı bitkilər çoxillik və birillik, yazlıq və payızlıq əkin sisteminə bölünür. Bu bitkilər köklərində simbioz həyat tərzi keçirən fır bakteriyalarının köməyi ilə havanın bioloji azotunu mənimsəyirlər. Onların istər toxumlarında, istərsə də digər orqanlarında dənli taxıl bitkilərinə nisbətən daha çox azot toplanır. Dənli taxıl bitkilərinin məhsulu zülalla zəngin olduğundan, onlar ərzaq, yem və texniki məqsədlər üçün becərilir. İstehsal edilən yemlərin tərkibində zülal az olduğundan, yəni 1 yem vahidində 75-80 qram zülalın olması yemlərin normadan artıq məsrəfinə səbəb olur. “Zootexniki normaya əsasən, 1 yem vahidinin tərkibində 115 qram xam zülal olmalıdır. Paxlalı bitkilərin tərkibində insan və heyvan orqanizmi üçün lazım olan bütün amin turşuları var. Birinci növbədə, paxlalıların vegetativ və generativ orqanları digər bitkilərə nisbətən zülalla 2-3 dəfə daha çox zəngindir. Soyanın yaşıl kütləsinin bir yem vahidində 185 qram, yem paxlasında 164 qram, lərgədə 164 qram, göy noxudda 128 qram həzm olunan zülal vardır. Soyanın dənindəki bir yem vahidində 251 qram, göy noxudda 174 qram, lərgədə 218 qram, yem paxlasında 20 qram həzm olunan zülal var. Kənd təsərrüfatı heyvanları dənli taxıl və dənli-paxlalı bitkilərin qarışığı ilə yemləndirildikdə taxıllarda olan zülalın mənimsənilmə qabiliyyəti 20-50 faiz artır. Paxlalı bitkilərin zülalının 80-90 faizi heyvan orqanizmi tərəfindən yaxşı mənimsənilir. Bu bitkilərin bir üstünlüyü də ondan ibarətdir ki, vahid torpaq sahəsində çoxlu azot elementi toplayırlar”, - deyə Sevil Abasquliyeva bildirib.
Aqronomiya baxımından paxlalı bitkilər ən yaxşı sələf hesab olunur. Quru ot, yaşıl kütlə və silos məqsədi üçün becərilir. Bu bitkilər paxla bağlama fazasında (əvvəlində) yaşıl yem üçün yığıldıqda bir hektar torpaq sahəsində 40 kiloqram azot ehtiyatı qalır. Qönçələmə-çiçəkləmə fazasında isə bitkini torpağın altına çevirməklə şumladıqda hər hektar sahəyə 100-110 kiloqram (yaşıl gübrə) azot verilmiş olur.

Kənd təsərrüfatı 2020-08-11 11:33:00