×
A
A
A
Sazlamalar

Neftçalada payızlıq taxıl səpini üçün 7 min hektardan çox sahədə şum aparılıb

Neftçala, 8 avqust, Mahir Babayev, AZƏRTAC

Neftçalada cari ilin məhsulu üçün 40 min hektar sahədə payızlıq taxıl səpini planlaşdırılır. Bu qədər sahədə keyfiyyətli səpin aparmaq üçün işə hərtərəfli hazırlaşan fermerlər indiyədək 7 min 400 hektar sahədə yay şumu aparıblar ki, bu da ümumi taxıl əkiləcək sahənin 18,5 faizini təşkil edir.
Rayon Dövlət Aqrar Dövlət İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 123 min 661 ton məhsul götürən əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq əzmindədirlər. Artıq qısa müddətdə səpin aparılacaq sahənin 7 min 400 hektarında şum qaldırılıb.
Payızlıq səpini vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün rayonda, həmçinin mövcud olan səpin aqreqatları və digər maşın mexanizmlər də təmir olunaraq məhsul istehsalçılarının ixtiyarına verilib, kifayət qədər toxum tədarük olunaraq səpin üçün hazırlanıb, müxtəlif növ gübrələr alınıb.
Qeyd edək ki, ötən il neftçalalı taxılçılar hər hektar taxıl sahəsindən 27,8 sentner məhsul götürüblər.

Kənd təsərrüfatı 2020-08-08 10:33:00