×
A
A
A
Sazlamalar

Çinin COVID-19 sahəsində çalışan tibbi ekspert qrupu Azərbaycana gəlib

Bakı, 4 avqust, Əziz Məmmədov, AZƏRTAC

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəmizə göndərib.
AZƏRTAC xəbər verir ki, çinli ekspertlər avqustun 4-də Çinin Siçuan vilayətinin inzibati mərkəzi olan Çendu şəhərindən Azərbaycana yola salınıblar.
İki ölkənin hökumətləri arasında əldə olunmuş razılığa əsasən, Çinin 10 tibb mütəxəssisi 15 gün müddətində azərbaycanlı həmkarları ilə birgə təcrübə mübadiləsi aparacaqlar. Dünyanın ən böyük səhiyyə ocaqlarından biri olan Qərbi Çin hospitalının əməkdaşlarından ibarət qrupun üzvləri Uxan, Pekin və Çenduda pandemiya ilə mübarizə sahəsində böyük təcrübə toplamış şəxslərdir.
Azərbaycan ilə Çin arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı bu məsələdə dövlət başçıları İlham Əliyevin və Si Cinpinin münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı qərarlarının böyük rol oynadığını deyib. Diplomat pandemiya dövründə ölkələrimiz arasında təşəkkül tapan səmərəli əməkdaşlıqdan söz açaraq, yeni növ koronavirusun yayılmağa başladığı və şiddətləndiyi günlərdə Azərbaycan xalqının dost Çin xalqı ilə həmrəy olduğunu, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə vəfat edənlərlə əlaqədar başsağlığı məktubu ünvanladığını, Azərbaycandan Çinin Mienyan və Sian şəhərlərinə tibbi ləvazimat yardımı göndərildiyini xatırladıb.

X   X   X

Çin hökuməti tərəfindən Azərbaycana göndərilən tibbi ekspert qrupu həmin gün Bakıya gəlib.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Qo Min jurnalistlərə müsahibəsində bildirib ki, hər zaman olduğu kimi, pandemiya ilə mübarizədə də Çin və Azərbaycan bir-birlərinə dəstək verirlər, qarşılıqlı olaraq mənəvi və maddi yardım göstərirlər. Bütün bunlar iki ölkə arasındakı qarşılıqlı yüksək siyasi etimadı və dərin ənənəvi dostluğu nümayiş etdirir.
Səfir deyib: “Çin hökuməti Azərbaycan tərəfinin dəvəti ilə Siçuan əyalətinin Qərbi Çin hospitalının bir qrup tibb mütəxəssisini azərbaycanlı həmkarları ilə əməkdaşlıq etmək, pandemiya ilə mübarizədə təcrübə mübadiləsi aparmaq üçün Azərbaycana göndərib. İnanıram ki, bu təcrübə ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığın dərinləşməsinə töhfəsini verəcək. Əminəm ki, Azərbaycan ən qısa zamanda pandemiyaya qalib gələcək və daha işıqlı gələcəyi qarşılayacaq”.
Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, Çin və Azərbaycan arasında çox sıx dostluq əlaqələri mövcuddur. Dövlət başçılarımızın dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə verir.
“Azərbaycan dövləti, həmçinin Heydər Əliyev Fondu Çində epidemiyanın başladığı dövrdə bu ölkəyə yardım və dəstəyini göstərib. Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə verir. Fondun səhiyyə sahəsində illər ərzində əldə etdiyi və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qazanılan təcrübə bu gün bu mübarizədə səhiyyəmizə dəstək göstərməyə imkan verir”, - deyə Soltan Məmmədov vurğulayıb.
Çindən gələn həkim briqadasının əlaqələndiricisi Cheng Yongzhong bildirib ki, səfər çərçivəsində briqada pandemiyaya qarşı mübarizədə Çinin təcrübəsini bölüşəcək. Çin tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı mübarizəyə dair müzakirələr aparacaqlar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: “Artıq sabahdan etibarən tibbi ekspert qrupu ilə birgə çalışacağıq. Çindən gələn heyətin arasında müalicə, profilaktika sahələri üzrə mütəxəssislər var. TƏBİB olaraq biz çinli mütəxəssislərlə birgə müalicə protokollarımız üzərində çalışacağıq. Eyni zamanda, xəstəliyin laborator diaqnostikası, seroloji skrininq, dərman müalicəsi ilə bağlı hazırladığımız müəyyən protokolların müzakirəsini aparacağıq. Pandemiyanın qarşısının alınması üçün xəstəliyə yoluxmuş şəxslər və onlarla təmasda olanların müəyyən edilməsi istiqamətində Çinin təcrübəsi bizim müvafiq qurumlarla paylaşılacaq. Bundan əlavə, hədəflərimizdən biri də COVID-19 ilə bağlı aparılan elmi tədqiqatlara qoşulmaqdır. Ölkəmizin bu sahədə artıq kifayət qədər təcrübəsi var, məlumatlar bazası toplanıb”.
TƏBİB-in İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan COVID-19-la bağlı vaksinasiyanın ölkəmizdə erkən tətbiqi üçün bütün lazımi addımları atır. Ölkə rəhbərliyinin göstərişi ilə artıq müvafiq strateji xətlər müəyyən edilib. Həm seroloji skrininq, həm də vaksinasiya üzrə tədqiqatla bağlı təkliflər paketi hazırlanıb, müzakirələr aparılacaq və hökumətə təqdim ediləcək.

Səhiyyə 2020-08-04 20:07:00