×
A
A
A
Sazlamalar

Yaponiyada hərracda “Ruby Roman” üzümünün bir salxımı 12 min dollara satılıb

Tokio, 18 iyul, AZƏRTAC
Yaponiyanın mərkəzi hissəsində cari ildə təşkil olunmuş ilk hərracda “Ruby Roman” (“Roma yaqutu”) üzümünün bir salxımı 1,3 milyon yenə (təqribən 12 min dollar) satılıb.
AZƏRTAC xəbər verir ki, Yapon dənizi sahilində yerləşən İşikava prefekturasında yetişdirilən həmin salxım hərrac vaxtı 100 salxım arasından seçilib. Bildirilir ki, cari hərracda təklif edilən qiymət ötənilki rekordu təqribən 900 dollar üstələyib.
Üzərində 30 ədəd üzüm və çəkisi təqribən 900 qram olan salxımı Yaponiyanın tanınmış restoranlarından birinin operatoru alıb. Operator şirkətin nümayəndəsinin bildirdiyinə görə, cari ildə fermerlər koronavirus pandemiyasına görə çox zərər çəkiblər. Buna görə də ilin ilk hərracının uğurlu başlaması onlar üçün böyük stimul yarada bilər. Hərrac vaxtı alınmış salxımların müştərilərə pulsuz paylanacağı da bildirilib.
Məlumat üçün qeyd edək ki, “Ruby Roman” üzüm növü böyüklüyü və tərkibində şəkərin çoxluğu ilə seçilir. Hərracda qoyulan şərtlərə görə, üzümün hər giləsinin diametri 3 santimetrdən böyük və tərkibində şəkərin miqdarı 18 faizdən yuxarı olmalıdır.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2020-07-18 11:36:00