×
A
A
A
Sazlamalar

Evlərdə gizlin keçirilən yas mərasimləri və yığıncaqların acı nəticəsi sonradan özünü göstərir

Bakı, 9 iyul, AZƏRTAC
Bütün dünyanı ağuşuna alan pandemiya Azərbaycanda da sürətlə yayılır. Virusa qarşı müharibənin ağır yükü daha çox həkimlərin çiyninə düşür. Onların fədakarlığı göz qarşısındadır. Lakin gözəgörünməz düşmənlə müharibənin daha səmərəli aparılması üçün vətəndaşlar da öz öhdəliklərinə düşəni etməlidirlər. Hər birimiz qaydalara əməl edərək özümüzün, yaxınlarımızın qayğısına qalmalıyıq.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin fizioterapiya və tibbi reabilitasiya kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasında fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyeva məlumat verib.
N.Əliyeva, həmçinin bildirib: “Demək olar ki, tez-tez ziyalılar, mütəxəssislər əhaliyə müraciət edir, maska istifadəsinin, sosial məsafə saxlanılmasının, kütləvi toplaşmamağın vacibliyini qeyd edirlər. Lakin mağazalarda, marketlərdə vəziyyət acınacaqlıdır. Sosial məsafə saxlamayan, maska istifadə etməyən insanlar kifayət qədərdir. Bununla yanaşı, vətəndaşlar məhəllələrarası ərazilərdə toplanır, azyaşlılar, gənclər maska istifadə etmədən bir-biriləri ilə təmasda olurlar. Həmin vətəndaşlara, azyaşlıların valideynlərinə müraciət edəndə isə kəskin cavablar verir, hərənin özünə cavabdeh olduğunu deyirlər. Lakin onlar etdikləri bu məsuliyyətsizliyin nə ilə nəticələnəcəyini düşünmək belə istəmirlər. Elə bir zamandır ki, hamı bir nəfər kimi qaydalara əməl etməli, yoluxma zəncirinin qırılmasına töhfə verməlidir.
Məlum olduğu kimi, ən çox yoluxma halları evlərdə gizlin keçirilən yas mərasimləri, yığıncaqlarda qeydə alınır. Vətəndaşlardan xahiş olunur ki, evlərində gizlin yas mərasimləri, yığıncaqlar keçirməsinlər. Çünki çox keçmədən həmin mərasimlərin acı nəticəsi ortaya çıxır. Təbii ki, bizim adət-ənənələr var, yaxşı gündə də, pis gündə də bir-birimizə dəstək oluruq. Yas mərasimlərində iştirak da belə adətlərdəndir. Lakin indi başa düşmək lazımdır ki, vəfat edən şəxsin ailə üzvləri ilə görüşmək, onların evində yığışmaq həm özünüzün, həm onların, həm də oradakı digər insanların sağlamlığı üçün təhlükədir.
Təbii ki, isti yay günlərini karantində, bağlı qapılar arxasında keçirmək kimsənin arzusu deyil. Lakin qaydalara əməl etməyən, inanmayan, inananları qınaq obyektinə çevirən bəzi vətəndaşların laqeydliyi mövsümü sərt karantin rejimi ilə keçirməyimizə səbəb olub. Vətəndaşlara müraciət edirəm ki, dövlətin qanunlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə ciddi şəkildə riayət etsinlər. Heç kim qərarlara etinasız yanaşmasın ki, yoluxmaların qarşısı alınsın. Verdiyimiz itkilər hər birimizi kədərləndirir. Gündəlik statistikalara əsasən, son zamanlar sağalanların sayı artsa da, yoluxanların da sayı kifayət qədərdir. Yoluxma, xəstələnmə hallarını minimuma endirmək bizim əlimizdədir, bizim məsuliyyətimizdən asılıdır”.
N.Əliyeva vətəndaşları virusdan qorxmamağa, qaydalara əməl edərək ondan qorunmağa səsləyib: “Pandemiya ilə mübarizə təkcə dövlətin, həkimlərin işi deyil, vətəndaşların da bu savaşda önəmli rolu var. Biz birlikdə güclüyük, inanıram ki, birgə mübarizəmizin sonunda pandemiyaya qalib gələcəyik”.

Səhiyyə 2020-07-09 11:52:00