×
A
A
A
Sazlamalar

“Mənim günahım” tamaşası onlayn nümayiş edilib

Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi “facebook” səhifəsində “Mənim günahım” tamaşası (videoçəkilişi) canlı yayım vasitəsilə nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilib.
Tamaşada ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər əbədiyaşar musiqilərindən istifadə edilib. Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru İradə Gözəlovadır.
Tamaşada Nurcahan rolunu, Əməkdar artist Nərgiz Kərimova ifa edəcək. Digər rolları Əməkdar artist İlham Hüseynov (Sahib) və balet artisti Mələk Səfərova (Ayqız) canlandırıblar.
Səhnə əsərinin dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.
Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina - Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkcə ömür -gün yoldaşına deyil, həm də sənətinə qısqanır... Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir...
Nurcahan səhnəyə yenicə qədəm qoyan gənc qızın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü Ayqıza zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən çox peşman olur və bu mənəvi əzabını çəkir...

Teatr və kino 2020-05-16 11:17:00