×
A
A
A
Sazlamalar

“AzInTelecom”un təşəbbüsü ilə IT sahəsi üzrə ödənişsiz vebinar keçirilib

Bakı, 2 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşəbbüsü, “Microsoft Azərbaycan” və “Kaspersky” şirkətlərinin iştirakı ilə “İKT əsaslarından bulud texnologiyalarına” adlı ödənişsiz maarifləndirici vebinar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vebinarın təşkilində əsas məqsəd xüsusi karantin rejimi dövründə tələbələrin, eləcə də müxtəlif peşə sahiblərinin İKT sahəsində, xüsusilə bulud texnologiyaları üzrə yeni biliklərə yiyələnməsinə şərait yaratmaqdır. Rəqəmsal platformada baş tutan tədbirdə təşkilatçılar informasiya texnologiyalarının, kibertəhlükəsizliyin əsasları, bulud texnologiyaları barədə təqdimatlarla çıxış ediblər.
Vebinarda “AzInTelecom”un Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev bildirib ki, IT sahəsi üzrə vebinarların keçirilməsi Azərbaycanda hər kəsi müasir dünya trendləri ilə uyğunlaşmağa həvəsləndirmək, rəqəmsal texnologiyalar barədə məlumatlandırmaq baxımından çox önəmlidir. O, bu təşəbbüsün faydalı nəticələrə səbəb olacağını söyləyib.
“Microsoft Azərbaycan” nümayəndəsi Qaçay Mirzəyev vebinar iştirakçılarına informasiya texnologiyaları və bu sektordakı yeniliklər haqqında ətraflı məlumat verib.
“Kaspersky”nin rəsmi təmsilçisi Müşfiq Məmmədov isə öz təqdimatında kibertəhlükəsizliyin vacib aspektlərindən bəhs edib.
Sonda çıxışçılar iştirakçıların suallarını cavablandırıblar.
Qeyd edək ki, “AzInTelecom” MMC tərəfindən bu kimi tədbirlərin yaxın gələcəkdə də təşkili nəzərdə tutulur.

İKT 2020-05-02 10:36:00