×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin çevik reaksiyası koronavirusun qorxulu inkişaf ssenarisini əngəllədi

Bakı, 7 aprel, AZƏRTAC 

Bu gün COVID-19 Yer kürəsini ağuşuna alıb və bəşəriyyət üçün XXI əsrin ən ciddi çağırışlarından birinə çevrilib. Dövlətlərin ixtiyarında koronavirusun qarşısının alınması üçün konkret təlimatlar olmasa da, bu cəbhədə məğlubiyyətə uğrayanlarla yanaşı, digərlərindən daha çox uğura nail olanlar da var. Artıq bu virusa yoluxanların sayı bir milyonu, onun qurbanına çevrilənlərin isə kəmiyyət göstəricisi 50 min nəfəri ötüb. İndiyədək görünməmiş bir problem şəraitində ölkələr virusun yayılmasının qarşısını almaq, yaxud onun yayılma sürətini azaltmaq məqsədilə əllərindən gələni əsirgəmir. Ayrı-ayrı ölkələrdə karantindən tutmuş sosial məsafəyədək müxtəlif yanaşmalar tətbiq edilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Ziyafət Həbibova deyib.
O qeyd edib ki, prosesin başlanğıcında qonşu İran kütləvi xəstəlik zonalarından biri elan edildikdən sonra Azərbaycan ilə bağlı proqnozlar ürəkaçan olmasa da, ölkə koronavirusla mübarizədə vaxt qazana bildi və hadisələrin ən qorxulu inkişaf ssenarisini əngəllədi. Bu, ilk növbədə, Prezident İlham Əliyevin alovlanmağa başlayan prosesə çevik reaksiyası, qabaqlayıcı tədbirlərlə bağlı qərarların zamanında və kifayət qədər olması ilə şərtlənir. Heç şübhəsiz, bir sıra ekspertlərin də ümumi rəyinə görə, bu gün bir çox ölkələrdə baş verənlər gələcək nəsillər tərəfindən fəlakətə yol açan, uğursuz cəhdlərin örnəyi kimi öyrəniləcəkdir. Bu şəraitdə Azərbaycanda səmərəli idarəetmə, qərarların razılaşdırılması prosesinin sadələşdirilməsi sayəsində hazırkı böhran vəziyyəti “qızıl saat” tələsinə düşmədi. İctimaiyyət dövlətimizin başçısının və Birinci vitse-prezidentin baş verənlərə adekvat reaksiyalarının şahidi oldu. Eyni zamanda, proseslər ölkə rəhbərliyinin fors-major situasiyalarda mərkəzi və yerli icra hakimiyyətlərinin yaranmış problemə düzgün və səmərəli reaksiyası üçün dəqiq antiböhran tədbirləri alqoritmini özündə ehtiva edən “qara qovluğu”nun olduğunu ortaya qoydu. Burada söhbət fors-major hallarda sadə və hər səviyyə üçün aydın standart tədbirlər alqoritmindən gedir. Aydındır ki, dinamik qeyri-müəyyənlik şəraitində gələcəyi görmək olduqca mürəkkəb məsələdir. Ancaq Prezident İlham Əliyev bu situasiyada səmərəli antiböhran kommunikasiyası qurmaqla böhranı önləmə texnologiyası tətbiq etdi. Düzgün kommunikasiya kanallarının seçilməsi, operativ reaksiya, taktiki gedişlər, aşkarlıq sayəsində istənilən təhlükə ilə mübarizədə ən vacib və ilkin resurs olan hakimiyyət və cəmiyyət arasında etimad təmin edildi. Təsadüfi deyil ki, ölkə başçısının həm problemin həllinə, eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, məşğulluğun təmininə, əhali qarşısındakı sosial öhdəliklərin yerinə yetirilməsinə yönəlik tədbirləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirildi.
Ziyafət Həbibova bildirib ki, dünyanın iqtisadi nəhənglərini diz üstə qoyan “gözəgörünməz düşmən”lə mübarizədə zaman etibarilə əldə etdiyimiz taktiki qələbəni şərtləndirən səbəblər sırasında həm zamanında verilən strateji qərarların, həm də indiyədək səhiyyənin, bütövlükdə sosial sahənin inkişafına qoyulan sərmayələri, önləyici tədbiri və layihələri də göstərmək olar. Əslində, bu, Azərbaycanda bütün səviyyələrdə dövlət strukturlarının çevik, səmərəli, peşəkar fəaliyyət sərgilədikləri, ən əsası, zamanında və tam aşkarlıq şəraitində əhalini məlumatlandırdığı ilk fövqəladə vəziyyət deyil. Bu situasiyaların hər birində üç önəmli məqam diqqət çəkib. Bu hallar Azərbaycanın bütün regionlarında zərərçəkmiş insanların yerləşdirilməsi üçün infrastrukturun olduğunu göstərdi, xəstəliyin hədəf qrupları ilə işləyəcək insan potensialının, könüllülərin, həm də tibbi heyətin mövcudluğunu ortaya qoydu və nəhayət, məlumatlandırmanın ilk gündən yüksək səviyyədə təmin edildiyini təsdiqlədi. Dövlətimizin başçısının çağırışı ilə biznes nümayəndələri, sıravi vətəndaşlar, dövlət və ictimaiyyət təmsilçilərinin ümumbəşəri təhlükə ilə mübarizəyə dəstək vermələri və bütövlükdə Azərbaycan örnəyi “Biz birlikdə güclüyük!” şüarının ölkəmizdə gündəlik həyat prioriteti olmasının bariz sübutudur.
Professor əmin olduğunu bildirib ki, məhz bu prioritet və dövlət rəhbərliyinə etimad bəşəri bəla ilə mübarizədə dövlət-özəl sektor-vətəndaş cəmiyyətinin birgə işini tənzimləməyə, vətəndaşların “evdə qal”araq qaydalara əməl etmələrinə, nəticə etibarilə təhlükənin lokallaşdırılmasına yol açacaq.

Cəmiyyət 2020-04-07 15:54:00