×
A
A
A
Sazlamalar

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovniki, Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, büst şəhidin adını daşıyan Xətai rayonu, 98 saylı tam orta məktəbin qarşısında qoyulub.
Mərasimdə Dövlət Himni səsləndirildikdən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək polkovnik İlqar Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqdan söz açıb. Bildirib ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə ucalmış, gənc nəslə örnək nümunəsi, hərb tariximizin ləyaqətli siması, öz məğrurluğu, hünəri ilə adı tariximizə əbədi yazılan polkovnik İlqar Mirzəyevin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki, bu gündən etibarən 98 saylı tam orta məktəbin həyatında yeni bir dönəm başlayır. Bu məktəbdə təhsil alanlar şagirdlərin, onların valideynlərinin, tədris aparan müəllimlərin üzərinə kifayət qədər məsuliyyətli və şərəfli bir vəzifə düşür. Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin, hər bir azərbaycanlının fəxri olan bütün şəhidlərimizin ruhları şaddır.
Şəhid valideynlərindən mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı, kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov, Sübhan Abdurahmanlının anası, Xətai Rayon Şəhid Ailələri Müdafiə Cəmiyyətinin sədri Mehriban Abdurahmanlı çıxışlarında onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinin daim uca tutulduğuna görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Heydər Əliyev adına Hərbi İnstitutun rəis əvəzi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov şəhidin yüksək insani və peşəkar hərbçi keyfiyyətlərinə malik olduğunu vurğulayıb, İkinci Qarabağ müharibəsində qəhrəman əsgər və zabitlərimizin göstərdikləri şücaətdən söz açıb.
Şəhidin qardaşı Rafael Mirzəyev Milli Qəhrəmanla bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yolundan söz açıb. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya, o cümlədən qardaşının xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, qədirbilən xalqımıza təşəkkür edib.
Sonra 98 saylı məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib. Şagirdlərin ifasında Milli Qəhrəmana, Vətənə həsr olunmuş şeirlər səslənib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Cəmiyyət 2024-05-08 21:28:00