×
A
A
A
Sazlamalar

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi çərçivəsində təşkil olunan növbəti “Peşəkarlarla görüş” “Qida sahəsində gigiyena tələbləri” mövzusuna həsr edilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlayn keçirilən tədbirdə SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd olunub.
Sonra qida zənciri boyunca fəaliyyət göstərən müxtəlif sahibkarlar “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanılması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.

 

Cəmiyyət 2024-05-08 20:24:00