×
A
A
A
Sazlamalar

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Bakı, 9 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Kuba Xalqlar Dostluğu İnstitutunda Azərbaycanın Kubadakı səfirliyinin təşkilatçılığı ilə Ulu Öndərin həyat və yaradıcılığına həsr edilmiş akademik tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, moderator qismində çıxış edən Kuba Xalqlar Dostluğu İnstitutunun nümayəndəsi Maria del Karmen Barroso ölkələrimiz arasında diplomatik münasibətlərin qurulma tarixi, tarixi dostluq əlaqələri, Kubaya qarşı tətbiq edilən iqtisadi embarqonun aradan qaldırılması ilə bağlı BMT Baş Assambleyasında ənənəvi olaraq keçirilən səsvermələrdə Azərbaycanın Kubaya daimi dəstəyi barədə məlumat verib. O, Kubada Ümummilli Liderin xatirəsinin böyük hörmətlə anıldığını, həmçinin Heydər Əliyevin Kubaya daim xoş münasibət bəslədiyini və Kubanın Ali Baş Komandanı Fidel Kastro ilə yaxşı münasibətlərinin olduğunu vurğulayıb.
Sonra Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev iştirakçıları həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı əvəzsiz xidmətləri barədə ətraflı məlumatlandırıb. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründən bəhs edən səfir Ulu Öndərin səyləri nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə öz sözünü deyə bilən nüfuzlu dövlətə çevrildiyini və bu gün də onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Daha sonra çıxış edən Havana Universitetinin professoru Emilio Antonio Duharte Diaz və Azərbaycanda təhsil almış kubalı professor Rafael Tenreyro öz çıxışlarında Heydər Əliyevin siyasi irsi, onun istər Sovet İttifaqı, istərsə də müstəqil Azərbaycan üçün gördüyü böyük işlər, müstəqilliyinin ilk illərində mürəkkəb dövrlər keçirən, Qarabağ müharibəsi ilə üzləşmiş və sosial-iqtisadi çətinliklər yaşayan Azərbaycanın güclənməsi və inkişafı naminə həyata keçirdiyi əhəmiyyətli iqtisadi layihələr barədə iştirakçılara geniş məlumat veriblər. Məhz Ümummilli Liderin müdrik neft strategiyası nəticəsində Azərbaycanın enerji resurslarının dünya bazarlarına ixracının təmin olunduğunu qeyd edən natiqlər Azərbaycanın indi də bu sahədə aparıcı rola malik olduğunu söyləyiblər. Professor R.Tenreyro isə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin Azərbaycanda təhsil aldığı dövrlərə təsadüf etdiyini və həmin dövrdə ölkədə gedən inkişafın əyani şahidi olduğunu bildirib.

Cəmiyyət 2024-05-09 00:09:00