×
A
A
A
Sazlamalar

Dövlət Komitəsinin əməkdaşları Stokholmda yerləşən “Qarabağ” məktəbini ziyarət ediblər

Stokholm, 20 may, Nərgiz Cəfərli, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Avropa ölkələri ilə iş şöbəsinin müdiri Leyla Hamzayeva və müavini Əli Əliyev İsveçin paytaxtı Stokholm şəhərində yerləşən “Qarabağ” bazar günü məktəbini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Leyla Hamzayeva və Əli Əliyev məktəbin rəhbəri Sevda Dadaşova, şagirdlər və valideynlərlə görüşüblər.
Görüş zamanı Dövlət Komitəsinin əməkdaşlarına məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, 50-yə yaxın şagirdi olan “Qarabağ” məktəbində musiqi, rəqs, ana dili kimi dərslər keçirilir və gələcəkdə idman, kulinariya dərsləri də əlavə olunacaq.
Söhbət zamanı gələcəkdə İsveçdə Azərbaycan Evinin açılması müzakirə olunub. Sonra şagirdlərin ifasında vətənpərvər mahnılar səsləndirilib.
Görüşün sonunda “Qarabağ” məktəbinə hədiyyələr təqdim edilib.

Cəmiyyət 2024-05-20 03:16:00