×
A
A
A
Sazlamalar

“Azərkosmos” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

Bakı, 3 aprel, AZƏRTAC

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının mənfi təsirini minimallaşdırmaq məqsədilə “Azərkosmos” ASC-də peyk əməliyyatlarının fasiləsizliyi və təhlükəsizliyi tam təmin olunur, gücləndirilmiş iş rejimi davam edir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus təhlükəsi aradan qalxanadək hər üç peyki - “Azerspace-1”, “Azerspace-2” və “Azersky” idarə edən peyk mütəxəssisləri izolyasiya olunmuş iş mühitində fiziki məsafəni saxlayaraq fəaliyyətlərini davam etdirirlər. Texniki heyət – peyk operatoru və mühəndislər aralarında mümkün olacaq təması minimallaşdırmaq məqsədilə iki komandaya bölünüb. Birinci komanda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində, ikinci komanda isə “Azərkosmos”un digər ofisində təşkil olunmuş Peyklərin Ehtiyat və Fövqəladə Əməliyyatlarının İdarəolunması Mərkəzində yerləşir. Tez bir zamanda quraşdırılmış ikinci Bakı mərkəzi müstəqil şəkildə peykləri və onların yerüstü sistemlərini idarə etmək və onlara nəzarət etmək funksionallığına malikdir.
“Azərkosmos”un fövqəladə hallar üçün nəzərdə tutulmuş, Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi də mövcuddur. “Azərkosmos”un bütün ofisləri və iş otaqları mütəmadi dezinfeksiya edilir və əməkdaşlar lazımi qoruyucu vasitələrlə tam təmin olunurlar.

İKT 2020-04-03 15:02:00