×
A
A
A
Sazlamalar

Zaur Əliyev: Bir çox ölkədə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşıb

Bakı, 20 fevral, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin “Sığortaolunanın Tibbi Kabineti” adlı yeni elektron xidməti “myGov” portalına inteqrasiya olunub. Vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri “MyGov” portalından sözügedən tibbi kabinetə daxil olaraq izləyə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 20-də keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.
Z.Əliyev bildirib ki, əhalinin səhiyyə sistemindən gözləntilərinin bir il ərzində qarşılanması mümkün deyil: “Bunun üçün müəyyən vaxt tələb olunur və bu proses mərhələlərlə öz həllini tapacaq. Bir çox ölkədə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşıb. İcbari tibbi sığortanın tətbiqindən sonra da xəstəxanalarda həmin həkimlər çalışacaq, həmin tibbi xidmətlər göstəriləcək. Sadəcə olaraq, səhiyyə sisteminin icbari tibbi sığortaya keçidində yeni mexanizmlərin və qaydaların tətbiqi müsbət dəyişikliklərə səbəb olacaq. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, göstərilən elektron xidmətlərin genişləndirilməsi, tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartları, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi, əməkhaqlarına tətbiq edilən əlavələr – bütün bunlar hamısı göstərilən tibbi xidmətlərin keyfiyyətinə bilavasitə təsir etmiş olacaq. Bu islahatın uğurla həyata keçirilməsi ölkəmizdə səhiyyə sistemini köklü surətdə dəyişəcək və əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq”.

Səhiyyə 2020-02-20 14:09:00