×
A
A
A
Sazlamalar

Ölkədə taxıl və digər dənli bitkilərin istehsalına dəstək - “Qlobal Aqro” MMC-nin aqroparkından reportaj VİDEO

Kürdəmir, 19 fevral, Rəşad Türkoğlu, AZƏRTAC 

Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan səmərəli istifadə mexanizmlərini də üzə çıxarır. Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Ölkəmizdə yeni yaradılan aqroparklardan biri də toxumçuluq üzrə ixtisaslaşmış “Qlobal Aqro” MMC-nin aqroparkıdır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan aqroparkda əsasən taxıl və digər dənli bitkilər istehsal olunacaq. Burada istehsal edilən məhsullar üçün 18,9 min tonluq saxlama anbarı, ofis və laboratoriya binaları, 80 tonluq elektron tərəzi, illik istehsal gücü 15 min ton olan çeşidləmə, dərmanlama və qablaşdırma sahəsi, texnika üçün talvar, qurutma avadanlıqları inşa olunub. Bundan əlavə, aqroparkda yem və yağ emalı zavodlarının tikintisi də nəzərdə tutulur.
Aqroparkın icraçı direktoru Nəriman Nərimanov bildirib ki, keçən il aqropark ərazisində 942 hektar sahədə arpa, 128 hektar sahədə buğda, 30 hektar sahədə isə bostan bitkiləri əkilib. Builki əkin mövsümündə 813 hektar sahədə arpa, 218 hektar sahədə buğda əkilib, yazlıq əkin üçün şum çıxarılıb.
Hələlik müəssisədə 17 nəfər işlə təmin olunub və yaxın vaxtlarda 60-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. 20 hektar istehsal sahəsi olan aqroparkda zəruri infrastruktur da qurulub. Asfalt örtüyü vurulub, aqroparkın enerji təminatını yaxşılaşdırmaq üçün 1000 kvt transformator quraşdırılıb, işıq dirəkləri basdırılıb, yaşıllıqlar salınıb.
“Aqropark ərazisində gələcəkdə sınaq məqsədi ilə elit buğda sortlarının əkilməsi də nəzərdə tutulub. Müəssisədə ölkəmizlə yanaşı, Türkiyə və Belçika şirkətlərinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. İndiyədək 60 hektar sahənin suvarılması üçün tamburlu suvarma qurğusu, 27 ədəd texnika və aqreqat alınıb”, - deyə Nəriman Nərimanov vurğulayıb.
Ümumi dəyəri 30 milyon manat olan müəssisənin yaradılmasına 1 milyon manat güzəştli kredit verilib, 8,1 milyon manat dövlət əsaslı vəsaiti qoyulub. O cümlədən ərazidə aparılan meliorasiya işlərinə 7,9 milyon manat, elektrik və qaz təminatının hər birinə 100 min manat vəsait sərf olunub, 600 min manat vəsaitə qənaət edilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əşrəf Şükürov ölkəmizdə qabaqcıl texnologiya və təcrübəyə əsaslanan, rəqabətqabiliyyətli məhsul istehsalında, emal sənayesinin davamlı olaraq yüksəkkeyfiyyətli və maya dəyəri aşağı xammalla təmin olunmasında, ərzaq bolluğu yaradılması ilə yanaşı, regionlarda məşğulluğun artırılmasında əhəmiyyətli rola malik aqroparklar və iri fermer təsərrüfatlarının yaradılmasının önəmindən danışaraq deyib ki, hazırda Kürdəmirdə 14 min 917 hektar sahədə dörd aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir. Ötən il ümumi sahəsi 4446 hektar olan bitkiçilik sahəsi üzrə ixtisaslaşmış iki aqroparkda işlər başa çatdırılıb, daha iki aqroparkda layihələndirmə və tikinti-quraşdırma işləri aparılır.
Qeyd edək ki, hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb və 109 min hektar ərazidə ümumi dəyəri 1,3 milyard manat olan, dövlət dəstəyi göstərilmiş 18 aqropark və iri fermer təsərrüfatında layihələndirmə və ya tikinti-quraşdırma işləri aparılır. Bu aqropark və iri fermer təsərrüfatlarından 16-sı 2019-cu ildə fəaliyyətə başlayıb.

Kənd təsərrüfatı 2020-02-19 16:16:00

Video