×
A
A
A
Sazlamalar

Ötən il Ağsuda kənd təsərrüfatı məhsulları istehsalında 31,1 faiz artım olub

Ağsu, 17 yanvar, AZƏRTAC

Ağsu rayonunda yola saldığımız 2019-cu ildə inişilkinə nisbətən 26 milyon manat və ya 31,1 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ağsuda iqtisadiyyatın əsasını aqrar sahə təşkil edir və keçən il ümumilikdə 109,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. İstehsal edilən məhsulların 65,5 milyon manatı bitkiçiliyin, 44 milyon manatı isə heyvandarlığın payına düşür.
Keçən il kənd təsərrüfatı məhsulları istehsalında rayonun Gəgəli, Kəndoba, Qaraqoyunlu, Ərəbmehdibəy, Ərəbuşağı və bir sıra digər ərazi dairələri fərqləniblər.
Artıq ikinci ildir rayonda təsərrüfatın qeyri-ənənəvi sahəsi olan çəltik də əkilir.
Aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda mal-qaranın cins tərkibinin süni mayalama yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində də tədbirlər davam etdirilir.

Kənd təsərrüfatı 2020-01-17 13:02:00