×
A
A
A
Sazlamalar

Rusiya və Azərbaycanın balet ulduzları Bakıda eyni səhnəni bölüşəcək

Bakı, 16 yanvar, AZƏRTAC

Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraqla qarşıladığı Pyotr Çaykovskinin “Qu gölü” baleti növbəti dəfə təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın rəhbərliyi səhnə əsərində baş rolları ifa etmək üçün rus baletinin ulduzları - Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti, həmyerlimiz Timur Əsgərovu (Şahzadə Ziqfrid) dəvət edib.
Baletdə, həmçinin Azərbaycan Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və başqaları çıxış edəcəklər.
Səhnə əsəri baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Teatr və kino 2020-01-16 14:26:00