×
A
A
A
Sazlamalar

“Şelkunçik” baleti iki dəfə göstəriləcək

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 25-i və 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Şelkunçik” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağı ənənə üzrə hər dəfə Yeni il ərəfəsində bu baleti repertuarına daxil edir. “Şelkunçik” həm kiçik, həm də yaşlı tamaşaçıların böyük maraqla qarşıladıqları və həvəslə seyr etdikləri bir səhnə əsəridir.
P.Çaykovskinin fantastik dərəcədə gözəl musiqisi, monumental maraqlı səhnə tərtibatı və kostyumlar tamaşanı daha baxımlı və zəngin edir. Beləliklə rus klassik balet sənətinin ən dəyərli nümunələrindən biri olan bu baleti Opera və Balet Teatrı kollektivinin öz çoxsaylı tamaşaçılarına və akademik sənəti dəyərləndirən insanlara özünəməxsus hədiyyəsi olacaq.
Tamaşalarda balet truppasının aparıcı solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov, həmçinin gənc solistlər Timur Oduşev, Yuliya Ferştandt, Faiq Qubadov, Leyla Narimanidze, Dinara Şirinova və başqaları çıxış edəcək.
Dekabrın 25-də izləniləcək baleti Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.
Dekabrın 29-da isə balet dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov tərəfindən idarə olunacaq.

Teatr və kino 2019-12-07 11:48:00