×
A
A
A
Sazlamalar

Saatlıda bu günə kimi 41 min tondan çox pambıq tədarük olunub

Saatlı, 22 noyabr, Mahir Babayev, AZƏRTAC

Saatlıda pambıq plantasiyalarından bu günə kimi 41 min 27 ton pambıq yığılıb ki, bu da nəzərdə tutulandan 6 min ton çoxdur. Məhsulun 31 min 388 tonu kombaynlarla toplanılıb. Hazırda pambıq plantasiyalarında xarici ölkələrdən gətirilən 44 ən müasir pambıqyığan kombayn işləyir və hər gün toplanan məhsulun 75-80 faizi bu maşınlarla yığılır.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 4 şirkət tərəfindən 2 min 480 istehsalçı ilə müqavilə bağlanaraq, 13 min 741 hektar sahədə pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il sahələrdə məhsul çoxdur. Pambıq plantasiyalarında üçüncü yığım gedir və gün ərzində 90-95 ton məhsul toplanılır. Rayonun Qıraqlı, Dədə Qorqud, Əhmədbəyli və digər kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə yığım kampaniyası daha mütəşəkkil təşkil olunub. Bu ərazi vahidlərinin əhatə etdiyi kəndlərdə ötən ildəkindən qat-qat çox məhsul var və fermerlər yığım apardıqları sahələrin hər hektarından 30-40 sentner məhsul götürürlər.
Ötən il saatlılı pambıqçılar 15 min 815 hektar pambıq sahəsindən 30 min 440 ton məsul istehsal ediblər.

Kənd təsərrüfatı 2019-11-22 11:52:00