×
A
A
A
Sazlamalar

Babək rayonunda payızlıq taxıl əkini işləri aparılır

Babək, 16 oktyabr, AZƏRTAC
Muxtar respublikanın Babək rayonunun taxılçıları 2020-ci ilin bol məhsulunun əsasını qoymaq üçün sahələrə çıxıblar. Şum qaldırmada iştirak edəcək maşın və mexanizmlərin ahəngdar işləməsini təmin etmək məqsədilə ehtiyat hissələr alınaraq saz vəziyyətə gətirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu günə qədər rayonda 6417 hektar sahədə şum qaldırılıb. Şum qaldırılması ilə yanaşı, taxıl əkini də sürətlə davam etdirilir. 2154 hektar sahədə əkin aparılıb ki, bunun 1208 hektarını buğda, 946 hektarını arpa təşkil edir. Torpaq mülkiyyətçiləri taxıl sahələrini bir qədər də genişləndirərək, əvvəlki ildən çox əkin sahələri becərmək əzmindədirlər.
Qeyd edək ki, Babək rayonunda 2019-cu ilin məhsulu üçün 10 min 610 hektar sahədə taxıl əkilib, bunun da 10 min 221 hektarı payızlıq, 389 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 7884 hektarında buğda, 2726 hektarında isə arpa əkilib. 2018-ci ilə nisbətən taxıl əkini sahəsində 84 hektar artım müşahidə olunub.

Kənd təsərrüfatı 2019-10-16 12:21:00