×
A
A
A
Sazlamalar

Qadın İnkişaf və Müəssisə qruplarının nümayəndələri Ağcabədidə bir araya gəliblər

Ağcabədi, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Kənd Qadınları Assosiasiyası 15 oktyabr – Ümumdünya Kənd Qadınları Günü münasibətilə ölkənin bölgələrində fəaliyyət göstərən 32 Qadın İnkişaf və Müəssisə Qrupunun nümayəndələrini bir araya gətirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 200 nəfər kənd qadınının iştirakı ilə Ağcabədidə keçirilən tədbirdə əvvəlcə qadınların istehsal etdiyi məhsulların sərgisi nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova bildirib ki, kənd qadınlarına xüsusi bir gün həsr etmək ideyası 1995-ci ildə Pekində keçirilən Qadınların IV Ümumdünya Konqresində irəli sürülüb. BMT-nin təşəbbüsü ilə ilk Ümumdünya Kənd Qadınları Günü 2008-ci il oktyabrın 15-də keçirilib.
Məlumat verilib ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi Kənd İnvestisiya Layihəsinin “Kənd Qadınlarının İqtisadi Səlahiyyətlənməsi” komponenti əsasında yaradılıb. Assosiasiya Azərbaycanda Qadın İnkişaf və Müəssisə qruplarının milli şəbəkəsidir və kəndlərdə aqrobizneslə məşğul olan fermer qadınları təmsil edən bir təşkilat rolunu oynayır. Hazırda İsmayıllı, Balakən, Zaqatala, Ağcabədi, Ağdam, Goranboy, Bərdə, İmişli, Lənkəran, Masallı, Neftçala, Beyləqan, Saatlı və Sabirabad olmaqla, respublikanın 14 rayonunda 38 Qadın İnkişaf və Müəssisə qrupları fəaliyyət göstərir. Bu qruplar fəaliyyətlərinin ilk mərhələsində öz vəsaitləri hesabına kiçik müəssisələr yaradıblar. Hazırda yeni qrup və müəssisələrin yaradılması prosesi davam edir. Qrup sahibkarlığı modeli qadınların işlə təmin olunmasına şərait yaradır.
Azərbaycan Kənd Qadınları Assosiasiyası hazırkı qrupların gücləndirilməsi və yeni qrupların səfərbər edilməsini öz üzərinə götürüb. Qadın İnkişaf və Müəssisə Qrupları Azərbaycan Kənd Qadınları Assosiasiyası vasitəsilə region və ölkə üzrə genişlənəcək ki, bu da onlara öz bizneslərinin həcmini və miqyasını inkişaf etdirməyə imkan verir. Hazırda Assosiasiyanın üzvü olan 38 Qadın İnkişaf və Müəssisə qrupları 108 təsərrüfat, qeyri-təsərrüfat və təsərrüfatdan kənar kiçik biznesləri idarə etməklə, 462 kənd qadınını işlə təmin edib.
Diqqətə çatdırılıb ki, beynəlxalq təcrübədə sınanmış “Qadın Özünəkömək Qrupu” modeli MDB məkanında ilk olaraq Azərbaycanda tətbiq olunub və kənd qadınlarının həyatına uğurlu yenilik gətirib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin Ümumdünya Kənd Qadınları Günü münasibətilə təbrik məktubları oxunub. Dünya Bankının Vaşinqtondakı İqamətgahından Tara Şarafudin və Hindistanda dövlət tərəfindən həyata keçirilən “Ailənin çiçəklənməsi” layihəsinin direktoru Harikişorun təbrik videosu da iştirakçılara çatdırılıb.
Sonra müzakirələr aparılıb. Rayonlarda yaşayan, sosial şəbəkələrdə və özlərinin WhatsApp qrupunda müntəzəm əlaqə saxlayan qadınların əyani olaraq görüşməsi yaddaqalan olub.
Sonda fərqlənən qruplar mükafatlandırılıb.

Kənd təsərrüfatı 2019-10-15 18:18:00