×
A
A
A
Sazlamalar

Arıçı: Artıq insanlar təbii məhsullara üstünlük verirlər

Bakı, 14 oktyabr, AZƏRTAC

Sentyabrın 28-dən etibarən paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkası təşkil olunur. Yarmarkanın əsas məqsədi yerli bal istehsalçılarını dəstəkləmək və paytaxt sakinlərini yüksək keyfiyyətli arıçılıq məhsulları ilə təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, insanlar arasında daha çox bal yarmarkası adı ilə tanınsa da, burada müalicəvi və kosmetoloji arıçılıq məhsulları da satılır. Həmsöhbət olduğumuz arıçı Elnarə Həsrətova uzun illərdir ki, bu məhsulların hazırlanması və satışı ilə məşğuldur.
- Elnarə xanım yarmarkaya hansı rayondan gəlmisiniz?
- Qax rayonunun Ləkit kəndindən gəlmişəm.
- Sizin stendiniz bal və arı şanı (çərçivə) ilə bərabər müxtəlif çeşidli arıçılıq məhsulları ilə də zəngindir...
- Ümumilikdə stendimizdə 14 müxtəlif adda arıçılıq məhsulu var. Hamısını özüm hazırlayıram. Həyat yoldaşımla birlikdə bu sahəyə illərimizi vermişik.
- Satışda hansı məhsullar var?
- Qidalandırıcı krem, çiçək tozu balı, propolis kərə yağı və bal ilə, propolis kərə yağı ilə, kosmonavt qidası, arı qurusu, mum, mum güvəsi, arı südü, propolis cövhəri, bay qaymağı (zabrus) və s. Bu məhsulların hər birinin özünəxas xüsusiyyəti var. Məsələn, propolis cövhəri təbii antibiotikdir. Çiçək tozu immuniteti yüksəldir, insanı stressə qarşı dözümlü edir. Arı südü qan təzyiqini normallaşdırır, qaraciyərin funksiyasını bərpa edir, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir. Qidalandırıcı kremin tərkibi arı südü, propolis, zeytun və badam yağlarından ibarətdir. O, dərini qidalandırır, cavanlaşdırır və təravətli edir. Kosmonavt qidasının tərkibində isə insan üçün lazım olan hər şey var: zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşular və s.
- Bu məhsulları hazırlamağı necə öyrənmisiniz?
- Bu məhsulları hazırlamaq üçün müxtəlif ölkələrdə təlimlər keçmişəm. İranda, Türkiyədə, Rusiyada, hansı ölkədə bu sahəyə aid təlim olubsa, iştirak etmişəm. Kurslarda öyrəndiyim reseptlər əsasında daha sonra özüm məhsullar istehsal etməyə başladım. Uğurlu da alındı. Məsələn, bal yarmarkasına ilk dəfə qidalandırıcı kremi bir neçə il əvvəl mən çıxarmışam. Daha sonra digər arıçılar özləri üçün hazırlayacaqlarını deyib, məndən onun reseptini istədilər, mən də verdim. Ancaq indi baxıram ki, onlar da hazırladıqları kremləri satışa çıxarıblar.
- Qiymətləriniz necədir? Arıçılıq məhsullarını kişilər ya qadınlar daha çox alırlar?
- Qiymətlər 15-30 manat arasında dəyişir. Məsələn, propolis balda və propolis cövhəri 15 manat, kosmonavt qidası isə 30 manatdır. Məhsullarımdan yalnız qidalandırıcı krem qadınlar üçündür. Digər məhsulları isə həm kişilər, həm də qadınlar alırlar.
- Stendinizə insanların marağı necədir? Satış sizi qane edirmi?
- Maraq çox böyükdür. Artıq insanlar kimyəvi tərkibli məhsullara inanmırlar, təbii məhsullara üstünlük verirlər. Yarmarkaya adını sadaladığım məhsulların hər birindən 25 ədəd gətirmişdim. Bir xeyli hissəsini artıq satmışam. Bizim işimizdə keyfiyyət önəmlidir. Gərək məhsul elə olsun ki, bir dəfə alan alıcı ikinci dəfə də almaq istəsin. Biz də çalışırıq ki, alıcılarımızı razı salaq. Gələcəkdə arıçılıq məhsullarının digər müxtəlif növlərini də istehsal etməyi planlayırıq.
- Müsahibə üçün təşəkkür edirik.
- Çox sağ olun, mən də sizə təşəkkür edirəm.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan bal yarmarkası oktyabrın 18-dək davam edəcək.

Kənd təsərrüfatı 2019-10-14 10:22:00