×
A
A
A
Sazlamalar

Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunan elmi toplantı keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin I cərrahiyyə kafedrasında 61 fəlsəfə doktoru, 19 elmlər doktoru çalışıb. Kafedra əməkdaşlarının müəllifi olduğu 73 dərslik, 101 kitab, 700-dən çox məqalə işıq üzü görüb. Hazırda kafedrada 10 elmlər, 7 fəlsəfə doktoru çalışır. Kafedrada endoskopik, metobolik, bariatrik cərrahiyyə, kolopraktoloji, kardiovaskulyar cərrahiyyə, orqan və kök hüceyrə transplantologiya əməliyyatları uğurla aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin l cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunan elmi toplantıda məlumat verilib.
Elmi toplantını universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq deyib: “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Kabinetinin qərarı ilə 1919-cu il oktyabrın 10-da yaradılan Bakı Dövlət Universitetində iki fakültədən biri tibb fakültəsi və həmin fakültədə ilk kafedralardan biri məhz I cərrahiyyə kafedrası olub. Bir əsrlik yubileyi qeyd olunan Azərbaycan Tibb Universitetinin l cərrahi xəstəliklər kafedrası ambulator cərrahiyyə əməliyyatları aparan elmi-tibbi müəssisədən bu gün laporoskopik və orqan transplantasiyası kimi ən müasir və mürəkkəb əməliyyatlar aparan mərkəzə çevrilib”.
Rektor kafedranın keçdiyi zəngin tarixi yol və bu gün Almaniya, Fransa, Hollandiya, Türkiyə və dünyanın ən qabaqcıl tibb müəssisələri ilə əməkdaşlıq etdiyi barədə danışıb. O, kafedranın formalaşmasının görkəmli cərrah Boris Finkilşteynin adı ilə bağlı olduğunu, 1931-ci ildən etibarən kafedranın müdiri vəzifəsində çalışan azərbaycanlı professorlar Mirəsədulla Mirqasımov, Böyükbəy Mahmudbəyov, İsmayıl Məmmədov və Həsən Sultanovun çox böyük zəhmət çəkdiklərini söyləyib.
I cərrahiyyə kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov kafedranın inkişaf tarixi, görkəmli elm xadimləri Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov kimi məşhur həkimlərin çalışdığı kafedranın ayrı-ayrı dövrlərdəki fəaliyyəti, ölkəmizin tibb elminə göstərdiyi xidmət, onların yetirməsi olan kadrlar barədə ətraflı bəhs edib. Cərrahiyyə kafedrasına böyük şöhrət gətirən, onun inkişafında müstəsna xidmətləri olan alimləri xatırlayan kafedra müdiri Böyük Vətən müharibəsi illərində Leninqradın mühasirəsi günlərində baş cərrah kimi fəaliyyət göstərən Böyükbəy Mahmudbəyovun fədakar əməyini xüsusi vurğulayıb.
Kafedranın keçdiyi yoldan bəhs edən sənədli film nümayiş olunub.
Xalq artisti, rejissor Oqtay Mirqasımov, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev, II cərrahi xəstəliklər kafedrasının professoru Məmməd Nəsirov çıxış edərək 100 illik yubiley münasibətilə kafedra əməkdaşlarını təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Səhiyyə 2019-10-01 11:06:00