×
A
A
A
Sazlamalar

Ukraynalı kardioloqlar Azərbaycan Tibb Universitetində təhsil sistemi ilə tanış olublar

Bakı, 24 sentyabr, AZƏRTAC 

Ukrayna Uşaq Kardioloji Mərkəzin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ukrayna Uşaq Kardioloji Mərkəzin direktoru, uşaq kardio cərrahı, professor İlya Yemets səfərin məqsədi haqqında məlumat verib. O, qeyd edib ki, əsasən Azərbaycanda tibb təhsilinin strukturu ilə tanış olmaq, ATU-da mövcud tədris sistemini öyrənmək, faydalı təcrübələri Ukraynada tətbiq etmək niyyətindədirlər.
Professor Ukraynada tibbi sığorta sisteminin tam tətbiq olunmadığını bildirib və bu sahədə mövcud problemlərdən danışıb. Qonaq gələcəkdə ATU ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi, ortaq layihələrin icrası ilə bağlı işlərin aparılmasının tərəfdarı olduğunu da diqqətə çatdırıb.
Qonaqla görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi ali məktəbdə artıq iki pilləli təhsil sisteminin mövcud olduğunu, 6 illik baza təhsilindən sonra rezidenturanın tətbiq olunduğunu bildirib: “Seçilən ixtisasdan asılı olaraq rezidenturanın müddəti 3-5 il arasında dəyişir. Universitetin həkim, müəllim və tələbələrlə, o cümlədən müştərək elmi işlərin hazırlanması ilə bağlı bir çox xarici ölkə universitetlərlə sazişləri var. Bunların əksəriyyəti türkdilli ölkələrin universitetinə aiddir. Belə ki, artıq Türkiyənin 30 universiteti ilə qarşılıqlı əməkdaşlığa dair müqaviləmiz var”.
Rektor ATU-da son dövrlər həyata keçirilən islahatlar, elektron universitet sisteminin tətbiqi və digər məsələlər barədə ətraflı məlumat verib. Həmçinin, tibbi sığorta ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycanda gələn ildən tətbiq olunacaq yeni qaydalarla da qonağı tanış edib.
Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlığın istiqamətlərinin müzakirəsi məqsədilə növbəti görüşlərin keçirilməsinə dair ilkin razılıq əldə olunub.
Qeyd edək ki, görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev və rektor müşaviri, dosent Zülfüqar Musabəyov də iştirak ediblər.

Səhiyyə 2019-09-24 17:33:00