×
A
A
A
Sazlamalar

Lerikdə ənənəvi təsərrüfat sahəsi olan tütünçülük bərpa edilir VİDEO

Lerik, 19 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Prezident İlham Əliyevin aqrar sektora göstərdiyi qayğı dağlar diyarı Lerik rayonunda da öz uğurlu nəticələrini verir. İndi burada ərzaq bolluğu yaratmaq üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Torpaqların hər qarışından səmərəli istifadə olunur, gəlir gətirən məhsulların əkininə geniş yer ayrılır, rayonun ənənəvi təsərrüfat sahələri bərpa edilir. Tütünçülük də son illərdə bərpa olunan sahələrdən biridir. Hazırda rayonda tütün yığımı davam edir.
AZƏRTAC xəbər verir ki, tütünçülük Lerikdə vaxtilə ən gəlirli sahələrdən olub. Sonralar bu sahə tənəzzülə uğrayıb. Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi tütünçülüyün dirçəlməsinə təkan verib. 2016-cı ildə əkin aparılan 10 hektar sahədən 8 ton yaş kütlə tədarük olunub. Tütün sahələri ilbəil artırılır. Bu il isə rayonun ayrı-ayrı ərazilərində 30 hektara yaxın əkin aparılıb. Hazırda sahələrdə ikinci yığım dövrüdür.
Rayonun Babagil kənd sakini Mirabbas Vəliyev 1 hektar sahədə ətirli “Virciniya” tütünü əkib. Vaxtında aqrotexniki qulluq göstərdiyinə görə ilk yığımda 1 ton yaş tütün yarpağı toplayaraq təhvil verib: “İlk yığımı 20 qəpikdən təhvil vermişik. Bu da ikinci yığımdır. Haradasa 2-3 ton da var. Bu il havalar yayda bir az quraq keçdi. Son zamanlar yağışın yağması yaxşı oldu. Yağış yağandan sonra tütün tam göyərib”.
Aqrar sahədə çalışanlara göstərilən dövlət dəstəyi subsidiyaların verilməsi, gübrə və pestisidlərin elə yerində güzəştli şərtlərlə satılması fermerləri daha da həvəsləndirib. “Dövlət bizi subsidiya ilə təmin edir. Gübrələrimizi elə kəndimizdə güzəştli şərtlərlə alırıq. Sahəyə 5-6 dəfə azot gübrəsi vermişik. Tütünə su verməsən, azot verməsən boy artımı olmur, məhsuldarlığa da müsbət təsir göstərmir”, - deyə fermer bildirib.
Toplanan yaş kütlə Yardımlı rayonunda yerləşən qurutma sexlərinə göndərilir. Gələcəkdə rayonda tütün qəbulu məntəqələri və qurutma sexlərinin yaradılması nəzərdə tutulub.

Kənd təsərrüfatı 2019-09-19 18:37:00

Video