×
A
A
A
Sazlamalar

® Fermerlər “Kartof festivalı”nda müasir texnika və texnologiyalarla tanış olublar VİDEO

İsmayıllı, 19 sentyabr, AZƏRTAC

Kartof kənd təsərrüfatının ən gəlirli bitki növlərindəndir. İnkişaf etmiş ölkələrdə kartofçuluğun rentabelliyi 300 faizə çatır. Mütəxəssislər qeyd edirlər ki, kartof həm də çox tələbkar və səhlənkarlığı sevməyən bitkidir. Yüksək məhsuldarlıq və gəlir əldə etmək üçün düzgün aqrar texnologiya, keyfiyyətli texnika, mövsüm ərzində aqrokimyəvi qulluq, düzgün yığım və saxlanma vacibdir. Düzgün sortun seçilməsi də vacib məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, fermer və kənd təsərrüfatı müəssisələrinin istehsal prosesini sürətləndirmək üçün yüksək texnologiyaların tətbiqini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ixtisaslaşmış texnika ilə tanışlıq kampaniyasına start verib. İsmayıllı rayonunda “Buta Qrup” MMC-nin sahələrində keçirilmiş “Kartof festivalı”nda nümayiş etdirilən texnika və texnologiyalar fermerlərin əl əməyini azaltmağa və istehsal prosesini sadələşdirməyə yönəlib.
“PriorLeasing” ASC-nın baş sponsorluğu və aparıcı aqrar texnika istehsalçıları CLAAS və GRIMME brendlərinin sponsorluğu ilə təşkil olan tədbirdə tərəvəz istehsalçılarına kartof istehsalında tətbiq edilən ən müasir texnologiyalar nümayiş olunub, logistika və saxlanma zamanı avtomatlaşdırılmış proseslərin üstünlükləri barədə ətraflı məlumat verilib.
CLAAS kompaniyası dünyanın aparıcı kənd təsərrüfatı texnikası istehsalçılarındandır. Yüz illik tarixi ərzində dünyanın əksər ölkələrinin aqrar sahə bazarında layiqli yer tutub.
GRIMME dünyanın kartof istehsalı texnikası və kartofçuluq sahəsində innovativ texnologiyaları təklif edən aparıcı şirkətlərindəndir.
Sponsorların dəstəyi ilə festivalda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, həmçinin ölkə üzrə əsas kartof təchizatçısı olan İsmayıllı, Tovuz, Qazax, Gədəbəy, Masallı və Cəlilabad rayonlarından fermerlər iştirak edib.
Tədbir iştirakçıları bildiriblər ki, hazırda kartof öz əhəmiyyətinə görə Azərbaycanda taxıl bitkisindən sonra ikinci yerdə qərarlaşıb. Ölkə üzrə kartof məhsulu ilə özünütəminat səviyyəsinin artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması aparıcı texnologiyaların tətbiqini zəruri edir.
Kompaniya nümayəndələri kartofəkən maşınlar, cərgəaçan frez, kəsim aparatı, kartofyığan kombayn və traktorlar barədə ətraflı məlumat veriblər. Fermerlər “Buta Qrup” MMC-nin kartof sahələrində adıçəkilən texnikaların istifadəsi ilə əyani tanış olub, müasir texnologiyaların yüksək effektivliyini müşahidə ediblər. Sahə nümayişindən sonra fermerlər şirkətin sex və anbarlarında çeşidləmə və qablaşdırma maşınlarına baxıblar. Onlara istehsal, logistika, saxlama və paketləmə prosesləri nümayiş etdirilib.

Kənd təsərrüfatı 2019-09-19 12:52:00

Video