×
A
A
A
Sazlamalar

Bu il Qaxda qarğıdalı istehsalının 13 min tona çatacağı gözlənilir

Qax, 18 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Qax rayonunun fermerləri 1720 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 143 hektar artırılıb. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı yığımına başlanılıb. Almalı, Əlibəyli, Tasmalı, Qum kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 70 hektar sahənin məhsulu yığılıb, 420 ton dən qarğıdalı tədarük olunub. Hələlik hər hektardan orta hesabla 60 sentnerədək məhsul götürülür. Cari mövsümdə rayonda qarğıdalı istehsalının 13 min tona çatacağı gözlənilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari təsərrüfat ilində Qax rayonu üzrə ən çox qarğıdalı əkini Tasmalı kəndində aparılıb. Bu kəndin fermerləri bu il 300 hektarda qarğıdalı yetişdiriblər. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının ərazisində isə cari ildə 170 hektarda dən üçün qarğıdalı əkilib.
Eyvaz Aslanovun sözlərinə görə, taxıl biçini başa çatdıqdan sonra təsərrüfatlarda 805 hektar sahədə təkrar qarğıdalı əkini də aparılıb.
Ötən il rayonun fermerləri 1577 hektar qarğıdalı sahəsindən 12 min 347 ton məhsul əldə ediblər. Hər hektardan orta məhsuldarlıq 78,2 sentner olub.

Kənd təsərrüfatı 2019-09-18 15:39:00