×
A
A
A
Sazlamalar

Tərtər pambıqçılarının hədəfi cari təsərrüfat ilini də yüksək göstəricilərlə başa vurmaqdır

Tərtər, 18 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hektarın orta məhsuldarlığına görə yüksək nəticəyə nail olan Tərtər pambıqçıları bu ili də uğurla başa vurmağı qarşıya məqsəd qoyublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon ərazisində 3427 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.
Artıq rayonda pambığın əl əməyi ilə yanaşı, maşınlarla da yığımına başlanıb. İlk olaraq rayonun Azad Qaraqoyunlu və Qaraağacı kəndləri ərazisində yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialına təhvil verilib.
“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tarlalarda məhsulun ötən ildəkindən də çox olduğunu bildirib: “Bu il 830 fermerlə 2017 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanılıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir. Barlı kollar yetişib. Ötən il hər hektardan orta hesabla 32,8 sentner məhsul götürmüşdük. Bu il isə məhsuldarlığın daha yüksək olacağını gözləyirik. 9 ədəd pambıqyığan kombayn, 20 traktor, 44 qoşqu, 3 yükləyici hazır vəziyyətə gətirilib. Sentyabrın əvvəlindən tarlalarda defolyasiya işlərinə başlanılıb. Hazırda pambığın həm əl əməyi, həm də pambıqyığan kombaynlar vasitəsilə yığımı həyata keçirilir".
Pambıq qəbulu məntəqəsinə ilk məhsulu təhvil verən Azad Qaraqoyunlu kənd sakini Habil Əliyev ötən il olduğu kimi cari ildə də yüksək məhsuldarlığa nail olduğunu bildirib: "Keçən il hər hektardan orta hesabla 57 sentner məhsul götürmüşdük. Bu il də 1,4 hektarda pambıq becərib, düzgün aqrotexniki xidmət sayəsində bol məhsul yetişdirmişik. Birinci üz yığımdan 7 ton pambıq əldə edərək məntəqəyə təhvil verdik. Bu isə hər hektardan 50 sentner deməkdir. Pambıq yığımı mövsümünün sonunadək bu göstərici bir qədər də yüksələcək. Məhsuldarlıq nə qədər yüksək olarsa, gəlirimiz də o qədər çox olar”.
Qəbul məntəqəsinə gətirilən xam pambıqdan əvvəlcə nümunələr götürülür, laboratoriyada nəmlik və təmizlik göstəriciləri müəyyən edilir. Pambıq qapanda çəkildikdən sonra tayaya yığılır, 5-15 gündən sonra emal üçün navesə, sonra quruducu sexə verilir. Tam qurudulmuş pambıq burada emal olunacaq. Bu zaman pambıq tullantılardan təmizlənəcək, mahlıc çiyiddən ayrılara preslənəcək, çiyid isə toxum anbarına yığılacaq.
Qeyd edək ki, Tərtər pambıqçıları 2018-ci ildə 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük ediblər.

Kənd təsərrüfatı 2019-09-18 11:07:00