×
A
A
A
Sazlamalar

Beynəlxalq ekspert Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarında olub

Bakı, 17 sentyabr, AZƏRTAC

Qarğıdalı tədqiqatları üzrə beynəlxalq ekspert, Türkiyənin Adana şəhərindəki Doğu Akdeniz Tarımsal Araştırmalar institutunun əməkdaşı doktor Gönül Cömertpay “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsi çərçivəsində Əkinçilik və Tərəvəzçilik Elmi-Tədqiqat institutlarında olub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə hibrid qarğıdalı toxumçuluğu ilə bağlı görülməsi vacib olan məsələlər, Azərbaycanda bu sahənin perspektivləri, iki institut arasında elmi əməkdaşlığın əhəmiyyəti müzakirə edilib.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev beynəlxalq ekspertə institutun təşkilati strukturu, tədqiqat prioritetləri, yaradılmış tərəvəz bitki sortları, onların üstünlükləri haqqında ətraflı məlumat verib.
Gönül Cömertpay təmsil olduğu institutun elmi istiqamətləri və fəaliyyətlərinə, həmçinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Türkiyədə fəaliyyət göstərən müvafiq institutlar ilə əməkdaşlığının və genetik materialların mübadiləsinin zəruriliyinə toxunub.
Beynəlxalq ekspert və onu müşaiyət edən nümayəndə heyəti Tərəvəzçilik institutunun müxtəlif təyinatlı laboratoriyaları, onların fəaliyyətləri ilə yaxından tanış olub.

 

Kənd təsərrüfatı 2019-09-17 11:21:00