×
A
A
A
Sazlamalar

“Şirvanşahı” üzüm sortunun bərpası məqsədilə elmi ekspedisiya keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Vaxtı ilə dünyanın üzüm kolleksiyasında keyfiyyətinə görə lider olmuş Azərbaycanın qiymətli, ən qədim yerli texniki üzüm sortu “Şirvanşahı”nın bərpası, artırılması, davamlı istifadəsi məqsədilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun bir qrup mütəxəssisi bu günlərdə bəzi rayonlarda elmi ekspedisiyada olublar.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli AZƏRTAC-a bildirib ki, İnstitutun direktor əvəzi Vüqar Səlimov, direktor müavini Rauf Əsədullayev, şöbə müdiri Azər Şükürov və aparıcı elmi işçi Mövlud Hüseynovdan ibarət qrup elmi-seleksiya işləri çərçivəsində gələcəkdə əkin materialı tədarük edilməsi üçün Kürdəmir rayonunun Mürtülü, Yenikənd, Dəyirmanlı kəndləri və Karrar qəsəbəsindəki köhnə üzüm bağlarına, fermer, ailə-kəndli və ev təsərrüfatlarına baxış keçiriblər. Müşahidələr zamanı məlum olub ki, çardaq sistemi ilə yanaşı “Yenikənd” kiçik ailə-fermer təsərrüfatının sahibi Sahib Qasımovun həyətyanı sahəsində xiyaban üsulu ilə əkilib-becərilmiş, əsrlərdən bəri dövrümüzə gəlib çatmış yaşlı “Şirvanşahı” tənəkləri mövcuddur. Təsərrüfat sahibinin sözlərinə görə, sortun tənəklərinin yaşı 200 ildən çoxdur. İnstitutun mütəxəssisləri tərəfindən “Şirvanşahı” üzüm sortunun tənəkləri çubuq tədarükü zamanı həmin kollardan əkin materialı əldə etmək məqsədilə müəyyən edilərək etiketlənib, nişanlanmış tənəklərin sayı və hər tənəkdən əldə ediləcək təqribi çubuq miqdarı qeydiyyat və uçot işlərində öz əksini tapıb.
“Şirvanşahı” sortu respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir.
Dünyada keyfiyyətinə və şəkərtoplama qabiliyyətinə görə yüksək qiymətləndirilir. Yarpaqları orta və iri ölçüdə, dəyirmi formada olub, 3-5 dilimlidir. Ayanın üst səthi hamar olub, yaşıl rəngdədir. Çiçəyi ikicinslidir. Salxımları orta və iri ölçüdə (uzunluğu 13-28 sm, eni 8-10 sm), şaxəli formada olub, seyrək və çox seyrəkdir. Gilələri orta ölçüdə (uzunluğu 13-18 mm, eni 13-18 mm), girdə, zəif oval, simmetrik olub, qara rəngdədir. Qabığı nazik və möhkəmdir. Üzəri seyrək və zərif mum təbəqəsi ilə örtülüdür. Ləti nisbətən selikvaridir, şirəlidir. Dadı xoşagələn və adi ətirlidir. Giləsində 1-3 ədəd toxum olur.
Nicat Nəsirli bildirib ki, texniki parametrlərinə görə, sort orta dövrdə yetişir. Vegetasiya müddəti 155-165 gün arasında dəyişir. Gilələri sentyabr ayının ikinci ongünlüyündə tam yetişir. Kürdəmirdə xiyabanlarda və talvarlarda noyabr ayının əvvəllərinə qədər saxlanılır. 33-37 faiz şəkər topladığı təsdiq olunub. Göbələk xəstəliklərinə qarşı davamlılıq və dözümlülük nümayiş etdirir. Yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı çox olur. Bir zoğda adətən 2-3 salxım olur. Şpaler sistemində məhsuldarlığı 5,0-8,0 kiloqram arasında dəyişir.
Qeyd edək ki, sort tipik texniki istiqamətlidir. Şirə çıxımı yüksəkdir. Sortun məhsulu yüksək keyfiyyətli kaqor tipli desert şərabının alınması üçün qiymətli xammaldır. Müxtəlif üzümçülük rayonlarımızda yetişdirilən “Şirvanşahı” üzümlərindən “Kürdəmir” adlı kaqor tipli məhşur desert şərab istehsal edilib. İlk dəfə 1927-ci ildə Kürdəmir rayonunda, şərabçı Z.Q.Dubinin və S.D.Dolqanova tərəfindən “Şirvanşahı” üzüm sortundan alınmış qırmızı desert şərab “San–Rafael” adı altında müalicəvi şərab kimi buraxılmışdı. Sonralar texnoloji proses zamanı əzintinin spirtlənməsi, şirədən müəyyən qədər götürülməsi və spirtlənmiş əzintinin saxlanaraq yetişdirilməsi kimi əsas əməliyyatlar istisna olmaqla, istehsal texnologiyası təkmilləşdirilib və “Kürdəmir” şərabı, şərabçılıqdakı bu üsul isə “Kürdəmir üsulu” adlandırılıb. Hazır “Kürdəmir” şərabında 23% şəkər, 16 h.% spirt, 4-5 q/dm3 titrlənən turşuluq olur. Tərkibindəki şəkər 20%-dən çox olduğuna görə likör desert tipli şərab qrupuna aiddir. Rəngi tünd-yaqut, buketi zərif, qara qarağat tonlu, dadı yumşaq, yüngül büzüşdürücü, spesifikdir. Vaxtı ilə beynəlxalq müsabiqə və sərgilərdə “Kürdəmir” şərabı 3 qızıl və 4 gümüş medala layiq görülüb. Buna görə də hələ o vaxt sort respublikanın sort standartlarına daxil edilib, Kürkənarı və Şirvan-Qarabağ suvarılan ovalıq zonalarında rayonlaşdırılaraq əkilib-becərilib.
İnstitutun həyata keçirdiyi elmi ekspedisiya və tədqiqatların məqsədi respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı, ixrac potensialının yüksəldilməsi üçün vaxtilə dünyada şöhrət qazanmış yüksək keyfiyyətli şərabların istehsalında qiymətli xammal mənbəyi olan yerli üzüm sortlarının müəyyən edilərək seçilməsi, qiymətləndirilməsi, müasir sürətli üsullarla artırılaraq bərpası və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin olunmasıdır. Bununla əlaqədar olaraq institut əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında sortların müəyyənləşdirilərək, gələcəkdə əkin materialı tədarük olunması üçün tədqiqatlar davam etdiriləcək.

 

Kənd təsərrüfatı 2019-09-16 11:06:00