×
A
A
A
Sazlamalar

DST-nin pasiyentlərin təhlükəsizliyi ilə bağlı müraciəti yayılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ucbatından dünyada milyonlarla pasiyent zərər görür, aşağı-orta gəlir səviyyəsi olan ölkələrdə isə 2,6 milyon insan həlak olur. Dünya miqyasında pasiyentlərə vurulan zərərin sosial və iqtisadi fəsadları bir neçə trilyon dollarla ölçülür.
Dünya Səhiyyə Təşkilatı (DST) dünya ictimaiyyətinin diqqətini bu ciddi problemə cəlb etmək üçün sentyabrın 17-də tarixdə ilk dəfə keçiriləcək Dünya Pasiyentlərin Təhlükəsizliyi Günündə həmin sahədə qlobal həmrəylik kampaniyasına başlayır.
AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, təşkilatın sədri Tedros Adhanom Hebreyesus deyib: “Tibbi yardım heç kimə zərər verməməlidir. Bununla belə, dünyada hər dəqiqə təhlükəli tibbi müdaxilə ucbatından orta hesabla bir nəfər həlak olur. Biz pasiyentlərin təhlükəsizliyi üzrə mədəniyyəti formalaşdırmalı, xəstələrə tərəfdaş kimi yanaşmalı, tibb personalarının səhvləri haqqında verilən məlumatları dəyərləndirməli və onlardan nəticə çıxarmalıyıq. Əsas məqsəd təqsirkarların cəzalandırılması deyil, tibb işçilərinin bu səhvlərin sayının azaldılması istiqamətində peşəkarlığının artırılmasıdır”.
İlkin ambulator tibbi yardımın göstərilməsi zamanı hər 10 pasiyentdən birinə zərər yetirilir. Daha ağır fəsadlar törədən ciddi səhvlər, diaqnostika, habelə dərman vasitələrinin təyin edilməsi və istifadəsi vaxtı buraxılır.
Təkcə dərmanlarla bağlı səhvlər ucbatından zərərin miqdarı ildə 42 milyard dollara çatır. Hər il cərrahiyyə əməliyyatları zamanı təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmaması səbəbindən pasiyentlərin 25 faizinin səhhətində problemlər yaranır, 1 milyona yaxın xəstə isə əməliyyat vaxtı və yaxud ondan sonra həyatını itirir.
Tibbi yardım zamanı pasiyentlərin zərər görməsi yolverilməzdir. DST bütün ölkələri və dünyadakı tərəfdaşlarını bu sahədə təxirəsalınmaz tədbirlər görməyə çağırır. Pasiyentlərin təhlükəsizliyi və onlara keyfiyyətli tibbi yardım göstərilməsi səhiyyə xidmətləri sistemində səmərəliliyi artırmağın ən mühüm şərtidir.
Qeyd olunur ki, pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına qoyulan sərmayələr daha çox maliyyə vəsaitlərinə qənaət olunmasına şərait yarada bilər. Təkcə ABŞ-da dövlətin ahıl insanlara tibbi yardım göstərilməsi sahəsində xəstəxanalarda həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində 2010-2015-ci illərdə 28 milyard dollara qənaət edilib. Bu məsələdə pasiyentlərin də fəal iştirakı mühüm rol oynayır.
Tarixdə ilk dəfə olaraq keçiriləcək Dünya Pasiyentlərin Təhlükəsizliyi Günündə DST bu problemlərlə bağlı geniş tədbirlər həyata keçirəcək. Belə ki, sentyabrın 17-də bir çox şəhərlərdə memarlıq abidələri çəhrayı rəngə boyanacaq. Onların arasında Cenevrə fəvvarəsi, Misir piramidaları, Kuala-Lumpur teleqülləsi, Maskat Kral Opera Teatrı və Bostondakı Zeykema körpüsü var.
Dünya Pasiyentlərin Təhlükəsizliyi Günü 2019-cu ilin mayında Dünya Səhiyyə Assambleyasının 72-ci sessiyasında təsis olunub.

 

Səhiyyə 2019-09-14 12:58:00