×
A
A
A
Sazlamalar

Salyanda pambıq sahələrində bol məhsul yetişib - REPORTAJ VİDEO

Salyan, 13 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Pambıqçılığa dövlət tərəfindən göstərilən diqqət və qayğı fermerlərin bu sahəyə marağını daha da artırıb. Belə rayonlardan biri də Salyandır. Əkin sahəsinə göstərilən düzgün aqrotexniki qulluq nəticəsində Salyanda bu il bol məhsul gözlənilir. Keçən il 7055 hektar sahədə pambıq əkilmiş, 10343 ton məhsul götürülmüşdü.
AZƏRTAC xəbər verir ki, hazırda pambıqçılıq rayonun aqrar sektorunun prioritet sahələrindən birinə çevrilib. Rayonun Sarvan kənd sakini, fermer Əlimirzə Bəşirli xeyli vaxtdır pambıq əkini ilə məşğuldur. Ailəliklə pambıq əkən fermer builki məhsuldarlıqdan çox razıdır: “Dörd qardaş pambıqçılıqla məşğul oluruq. Ötən il 40 hektar pambıq əkmişdik. 38-40 sentner məhsul götürdük. Bu il isə 50 hektar sahədə pambıq əkmişik, 40-45 sentner məhsul gözləyirik. Rayonumuzda da bol məhsul yetişib. Əminəm ki, rayonumuz bu il pambıqçılıq üzrə birinci olacaq”.
Şorsulu kəndində yaşayan fermer Akif İbrahimov da 20 ildir pambıq təsərrüfatı ilə məşğul olur. Ötən il 20 hektar sahədə pambıq əkən fermer 25-30 sentner məhsul əldə edib. Deyir ki, dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğısı onları daha da ruhlandırıb: “Prezidentimizin bizə göstərdiyi qayğı sayəsində bu il 30 hektar sahədə pambıq əkmişəm. Ümidvaram ki, hər hektardan 30 sentner məhsul götürəcəyəm. Pambığı vaxtında becərib, suvarmışam. Ümid edirəm ki, vaxtında da yığıb təhvil verəcəyəm”.
Rayonun Noxudlu kəndində yaşayan gənc fermer Asif Əliyev isə bu sahə ilə yeni məşğul olur. Cəmi iki ildir pambıq əkən fermerin sahəsində vəziyyət ürəkaçandır. Belə ki, rayon ərazisində ilk dəfə olaraq onun sahəsində birinci pambıq yığımına başlanılıb: “Bu il 10 hektar sahədə pambıq əkmişəm. Məqsədim 42-44 sentner məhsul götürməkdir. Təsərrüfatımızda əl yığımına iki gündür başlamışıq. Maşın yığımına da hazırıq. Bu günə kimi 2,5 ton pambıq yığmışıq. MKT bizi lazımi texnika ilə təmin edib. Pambıqçılığın inkişafı dövlət başçımızın daim diqqət mərkəzindədir. Biz fermerlərə məhsuldarlığı artırmaq üçün hər bir şərait yaradılıb. Buna görə dövlətimizə minnətdaram”.
Qeyd edək ki, ötən il respublika üzrə 132,5 min hektar pambıq becərilib. Pambıq qəbulu məntəqələrinə ölkə üzrə 232 min 231 ton məhsul təhvil verilib ki, bu da əvvəlki ilə nisbətən 12,1 faiz çoxdur. Bu il isə respublikada 104,9 min hektar sahədə pambıq əkini aparılıb.

Kənd təsərrüfatı 2019-09-13 15:20:00

Video