×
A
A
A
Sazlamalar

Toxumçuluqda yeni innovativ texnologiyalar tətbiq edilməklə məhsuldarlıq artırılacaq

Bakı, 12 sentyabr, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyində “Toxumçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələrə” həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları, Dövlət Toxum Fondunun, Toxumçuluq Assosiasiyasının və toxumçuluq təsərrüfatlarının rəhbər və nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev toxumçuluğun mövcud vəziyyəti, qarşıda duran hədəflər barədə ətraflı məlumat verərək, nazirlik tərəfindən toxumçu fermerlərə daim dəstək göstərildiyini bildirib. Həmçinin fermer və torpaq mülkiyyətçilərinin sertifikatlı toxuma əlçatanlığının təmin olunması, payızlıq buğda və arpa səpinin optimal müddətdə aparılması üçün toxumların kondisiyaya çatdırılması və vaxtında sertifikatlaşdırılmasının vacibliyini vurğulayıb.
S.Mövlayev toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarılığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, yeni subsidiya mexanizminin tətbiq olunması, toxum ticarət şəbəkəsinin yaradılması, toxumçuluqda rəqabət mühitinin formalaşması, toxum assosiasiyasının fəaliyyətinin daha da genişləndirilməsi və toxum yarmarkalarının təşkilinin əsas vəzifə kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.
Qeyd olunan məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Dövlət Toxum Fondunun və Toxum Assosiasiyasının rəhbərləri, toxum istehsalçıları çıxış edərək, toxum satışı şəbəkəsinin genişləndirilməsi və fermerlərin vaxtında sertifikatlı toxumla təmin olunmalarına dair öz təkliflərini bildiriblər.
Sonda Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev iclasda qeyd olunan təkliflərin ümumiləşdirilməsi, həmçinin çətinliklərin qısa müddətdə aradan qaldırılması barədə aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Kənd təsərrüfatı 2019-09-12 18:27:00