×
A
A
A
Sazlamalar

Şahbuz rayonunda sahələrdən 5 min tondan çox kartof tədarük olunub

Şahbuz, 9 sentyabr, AZƏRTAC

Şahbuz rayonunda təsərrüfat adamları bu ilin kartof əkinini və yığımını uğurla başa vurublar. Belə ki, bölgənin torpaq mülkiyyətçiləri 434 hektar sahədə əkin aparıb, sahələrə vaxtında və aqrotexniki qaydalar əsasında qulluq göstəriblər. Nəticədə 2019-cu ilin məhsulu üçün sahələrdən 5274 ton kartof tədarük olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun əkin üçün yararlı olan məhsuldar torpaq sahələri burada yüksəkkeyfiyyətli kartof istehsalına imkan verir. Yaradılan şərait, dövlət tərəfindən verilən kredit və əldə edilmiş məhsuldar toxum sortları torpaq mülkiyyətçilərinin ilbəil qazandıqları uğurların artmasında başlıca səbəblərdir. Ona görə də torpaqları bərəkətli olan rayonda hər il bu sahədə torpaq mülkiyyətçiləri tərəfindən yüksəkkeyfiyyətli məhsul istehsal edilir. Kartofçuluqda təcrübə qazanan torpaq mülkiyyətçilərinin əməyi, zəhməti sayəsində nəinki onlar ailələrinin, eləcə də rayon və Naxçıvan şəhər əhalisinin bu məhsula olan tələbatının ödənilməsində mühüm rol oynayırlar.
Rayonun Ağbulaq, Gömür, Mahmudoba, Yuxarı Qışlaq və Biçənək kəndlərində kartof əkini üçün münbit torpaqlar digər kəndlərlə müqayisədə üstünlük təşkil edir. Bu kəndlərin sakinləri kartofçuluğa olan maraqları sayəsində istər həyətyanı, istərsə də icarəyə götürdüyü torpaq sahəsində daha çox kartof əkininin aparılmasına üstünlük verirlər.

Kənd təsərrüfatı 2019-09-09 15:55:00