×
A
A
A
Sazlamalar

Kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına yenidən başlanılır

Səyyar satışa ilk olaraq Şəmkirin ucqar dağ kəndlərindən start verilir

Bakı, 7 sentyabr, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, əsasən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına yenidən başlanılır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, mineral gübrə əldə edə biləcəklər. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.
Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəmkir rayonun ucqar dağ kəndlərindən start verilir.
Mövsümqabağı əhalinin şumaltı gübrələrə tələbatının təmin olunması ilə əlaqədar ilk səyyar satış sentyabrın 10-da Şəmkir rayonunun Ələsgərli kəndində həyata keçiriləcək. Ələsgərli və bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Qeyd edək ki, “Aqrolizinq” ASC tərəfindən bu kimi səyyar satışlar 2018-ci ilin fevralından bu ilin aprelinədək azot gübrəsinin mövsümü zamanı da vətəndaşlar üçün təşkil edilib. Respublikanın bütün regionlarını əhatə edən səyyar satış xidmətindən fermer və kəndlilər yararlanıblar.

Kənd təsərrüfatı 2019-09-07 16:58:00