×
A
A
A
Sazlamalar

Biləsuvarda pambıq yığımına başlanılıb

Qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıqçılığa da marağı xeyli artırıb

Biləsuvar, 6 sentyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda pambıq yığımına başlanılıb. İki-üç gün ərzində sahələrdən 30 tondan çox məhsul toplanaraq qəbul məntəqələrinə göndərilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 10 min 257 hektar sahədə pambıq əkilib. Mütəxəssislər builki hava şəraitini həm çiyidin vegetasiyası, becərmə, həm də yığım üçün əlverişli hesab edirlər. Digər tərəfdən də Biləsuvarda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu mövsüm tarlalarda bol məhsul yetişib. Artıq iki-üç gündür ki, fermerlər məhsul yığımına başlayıblar. Gün ərzində sahələrdən 10-12 ton məhsul yığılır.
Təcrübəli fermer Fazil Musayev bildirib ki, dövlət başçısının qeyri-neft sektorunun inkişafına verdiyi dəstək nəticəsində rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də maraq xeyli artırıb. Məhsul istehsalçısının dediyinə görə, cari ildə hər hektardan orta hesabla 25 sentnerdən çox məhsul yığmaq mümkün olacaq. Pambıq kollarında hələlik qozaların təxminən 30 faizi açılıb. Buna görə yığım əl ilə aparılır. Yaxın vaxtlarda sahələrə pambıqyığan maşınlar da çıxarılacaq. Bunun üçün rayonda ciddi hazırlıq görülüb, 29 ədəd kombayn və 112 ədəd digər lazımi texnika hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, bu il biləsuvarlı pambıqçılar sahələrdən 30 min ton pambıq yığmağı qarşılarına məqsəd qoyublar. Ötən il məhsul istehsalçıları sahələrdən 22 min 394 ton xam pambıq tədarük ediblər.

Kənd təsərrüfatı 2019-09-06 11:10:00