×
A
A
A
Sazlamalar

Bu il Balakəndə qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir

Balakən, 5 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Balakən rayonunda 7213 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 173 hektar artırılıb. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı yığımına start verilib. Qabaqçöl, Hənifə, Şambul, Qullar kəndlərinin ərazisindəki təsərrüfatlarda ilk günlər 250 hektaradək sahənin məhsulu yığılıb. Hələlik hər hektardan orta hesabla 60 sentnerədək məhsul götürülür. Cari mövsümdə rayonda qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər Balakən fermerlərində bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. 2018-ci ildə balakənli fermerlər 7 min 40 hektar qarğıdalı sahəsindən 43 min ton məhsul əldə ediblər.

Kənd təsərrüfatı 2019-09-05 20:34:00