×
A
A
A
Sazlamalar

Bölgələrdə fiziki və hüquqi şəxslərə məxsus anbarlarda zərərsizləşdirmə tədbirləri davam etdirilir

Bakı, 5 sentyabr, AZƏRTAC 

Yanvar ayından etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi respublikanın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində fumiqasiya tədbirləri həyata keçirir. Bu dövrdə hüquqi və fiziki şəxslərin müraciəti ilə bağlanmış müqavilələr əsasında zərərsizləşdirmə tədbirləri davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, yanvar-avqust aylarında Fumiqasiya Mərkəzi tərəfindən 40393.90 ton dənli, dənli-paxlalı, yemlər, 146980.49 ton texniki yük, 254590.84 kubmetr meşə materialı,1893688 kubmetr istehsal və saxlanma yerləri zərərsizləşdirilib.
Zərərsizləşdirmə tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl olunur, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir. Eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi qaydaları izah olunur. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə fumiqasiya tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir. Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.

Kənd təsərrüfatı 2019-09-05 11:24:00